Sentyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə fakültənin Vətən müharibəsində şəhid olan məzunu Nüsrətli Ceyhun Aqil oğlu və onun timsalında torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirələrinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı ümumuniversitet anım tədbiri keçirilib. Tədbirdə rektor professor Cəfər Cəfərov, prorektorlar, müvafiq struktur rəhbərləri, 400 nəfərədək müəllim və tələbə, həmçinin tələbə valideynləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Vətən müharibəsi şəhidlərinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım tədbirində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı dosent Elnarə Mehbalıyeva qeyd edib ki, Vətən müharibəsində şəhid olan ADPU-nun 13 məzunundan biri, fakültənin məzunu Ceyhun Nüsrətli məhz sentyabrın 29-da şəhadətə yüksəlib.
Şanlı zəfər tariximiz haqqında qısa arayış verən dos. E.Mehbalıyeva şəhidlərimizə görə nə qədər qüssələnsək də, onların qazandığı misilsiz qələbənin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi, xalqın birliyi və ordumuzun gücü ilə vətənin ərazi bütövlüyünün təmin edilməsinin hər birimizə sonsuz fərəh və qürur hissi yaşatdığını, Ali Baş Komandanın şəhidlərimizin, günahsız insanların qanını yerdə qoymadığını bildirib.
Dekan çıxışında Pedaqoji Universitetdə şəhidlərimizin xatirəsinə həsr edilən müxtəlif tədbirlərdən söz açaraq, əksər şəhid məzunun ailələrinin ziyarət edildiyini vurğulayıb.
Tədbirdə Vətən müharibəsi şəhidlərinə və şəhid Ceyhunun həyat yoluna həsr edilmiş videoçarxlar, fakültə tələbələrinin hazırladıqları "Mən şəhidəm" və "Sən azadsan" adlı ədəbi-bədii kompazisiyalar nümayiş olunub, tələbələr vətənpərlik ruhunda nitqlər söyləyib, şeir və musiqilər ifa ediblər.
Tədbir Azərbaycan Ordusunun sarsılmaz gücünü əks etdirən kompozisiyanın sonunda “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi ilə yekunlaşıb.