Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə ictimaiyyət nümayəndələrini tanış etmək məqsədilə "Açıq qapı" günü keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndələri, – İbtidai təhsil fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova, Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova və Menecment (Təhsilin təşkili və idarə olunması) ixtisasının magistrantları da tədbirdə iştirak ediblər.
Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva salamlama nitqi ilə çıxış edərək ölkədə həyata keçirilən dövlət ailə siyasətinin istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, Dövlət Komitəsi tərəfindən Azərbaycan hökuməti adından təqdim edilən hesabatlar, qadın və uşaq hüquqlarının müdafiəsi sisteminin əsasları, vətəndaş müraciətləri və həmin müraciətlər əsasında yerindəcə araşdırmalar aparıldığı haqqında ətraflı məlumat verdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə aidiyyatı şöbələrin müdirləri və əməkdaşları: Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Ülviyyə Usubova, Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sevinc Məmmədova, Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Analtik araşdırmalar və informasiya şöbəsinin əməkdaşı Aysel Babayeva və digər əməkdaşlar gender bərabərliyi, qadınlara və uşaqlara qarşı məişət zəmnində zorakılıq, erkən nikahlarla mübarizə ilə bağlı görülən işlər illər üzrə hesabatlarını təqdim etdilər.
Vətəndaş cəmiyyətinin maariflənməsi istiqamətində 11 regionda Dövlət Komitəsinin Uşaq və Ailələrə dəstək Mərkəzlərinin fəaliyyət istiqamətlərinin önəmi və gələcək illərdə digər regionlarda da açılması nəzərdə tutulduğu haqında məlumat verildi.
Təqdimatlar bitdikdən sonra iştirakçılar onları maraqlandıran məsələlərlə bağlı komitə əməkdaşlarına suallarını ünvanlayıb ətraflı şəkildə məlumat əldə etdilər.
Bu fəaliyyətlərdən sonra iştirakçılar Dövlət Komitəsinin inzibati binası – Hökumət Evi, dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədi ilə yaradılan Vətənddaşların Qəbulu Mərkəzinin fəaliyyəti ilə tanış etdilər.