Previous Next

Azərbaycan-Bolqarıstan münasibətləri yeni mərhələdə uğurla inkişaf edir!

Son zamanlar Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır. Cari ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf etmişdir. Bundan sonra ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş və iki ölkə arasında 60-dan çox sənəd imzalanmışdır.

Azərbaycan-Bolqarıstan münasibətləri Ölkə başçısı cənab İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə yeni mərhələyə başlamışdır. Bu son dərəcə mühüm sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədi daşıyırdı.

Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər hər iki ölkə arasında diplomatik münasibətlərin möhkəmlənməsinə, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcəkdir.

Rəsmi səfəri çərçivəsində Ölkə başçısı keçirdiyi görüşlərdə Bolqarıstanla siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurlu inkişafından danışarkən, bu gün iki dövlət arasında fəal əməkdaşlığın mövcudluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulamışdır.  

İki ölkə arasında əməkdaşlığın predmetinə gəlincə enerji sahəsi iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq. Dövlət başçısı Bolqarıstana səfəri çərçivəsində mətbuata bəyanatında demişdir: “Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”.

 Eyni zamanda iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçmişdir.

Nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırır. Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

 

f.e.d., professor Mahirə Hüseynova,

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekan v.i.e.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search