Oktyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçı və şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin həyat və yaradıcılığına həsr edilmiş “Anar - gəncliyin arzusu” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl böyük yazıçının əsərlərindən ibarət sərgi ziyarət olunub.
ADPU-nun rektoru professor Cəfər Cəfərov ali təhsil ocağının kollektivi adından mötəbər qonağı salamlayaraq Anarın müasir Azərbaycan ədəbiyyatının inkişafında fenomenal bir hadisə olduğunu diqqətə çatdırıb və onu Pedaqoji Universitetin möhtəşəm zalında görməkdən məmnunluğunu ifadə edib.
Rektor, Anarın həm də sevdiyimiz əsərlərin müəllifi, dönə-dönə izlədiyimiz filmlərin ssenari müəllifi, millət vəkili, yazıçılar birliyinin sədri kimi hər birimizin yaddaşında iz buxaran ictimai xadim olduğunu vurğulayıb.
ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov Anarın yaradıcılığı haqqında maraqlı məruzə ilə çıxış edərək böyük yazıçının yazmağa heç vaxt tələsmədiyini, ancaq mövzuya hakim olandan sonra qələmini işə salaraq xalqın mənəvi həyatında böyük rol oynayan kamil əsərlər ərsəyə gətirdiyini diqqətə çatdırıb. Universitetin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimı Adil Balıyev də Anar haqqında təəssüratlarını bölüşüb.
Filologiya fakültəsinin "Meh" ədəbi dərnəyinin üzvlərinin ifasında Anar yaradıcılığından parçalar səsləndirilib, yazıçının əsərləri əsasında çəkilən "Cavid ömrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Evləri köndələn yar" kimi filmlərdən fraqmentlər nümayiş olunub.
Öz təəssüratlarını bölüşən Xalq yazıçısı Anar Pedaqoji Universitetdə sonuncu dəfə olduğu dövrdən bəri burada xeyli yeniliklərin olduğunu, bu gün tələbələrin daha yaxşı təhsil alması üçün geniş imkanların açılmasının məmnunluq doğurduğunu vurğulayıb. ADPU-nun möhtəşəm zalında bir neçə dəfə görüşlərdə olduğunu deyən yazıçı yenidən bu zalda müəllimlər, tələbələrlə görüşməyin olduqca xoş olduğunu bildirib.
Xalq yazıçısı tələbələrə kitab oxumağın vacibliyindən danışaraq, böyük Azərbaycan ədəbiyyatı ilə tərbiyə olunan gəncliyimizin əzəli torpaqlarımızı işğaldan azad etdiyini xüsusilə vurğulayıb.
Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran Anar həyatı və yaradıcılığı ilə bağlı olduqca maraqlı məqamları ilk dəfə olaraq oxucuları ilə bölüşüb. Həmçinin, yazıçı, yaradıcılığa başladığı ilk dövrdən başlayaraq onun haqqında dərc edilən mənfi və müsbət fikirləri obyektiv şəkildə toplayaraq yaxınlarda irihəcmli əsər şəkilində çap etdirməyə hazırlaşdığını, bununla da bir yazıçının keçdiyi çətin yolun təhlili üçün oxucuların ixtiyarına verəcəyini açıqlayıb.
Sonda tədbirin təşkilatçısı, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e. professor Mahirə Hüseynova universitetin çoxminli müəllim-tələbə heyəti adından böyük ədibə bu tarixi görüş üçün minnətdarlığını bildirərək, bu tip ictimai görüşlərin əsas məqsədinin yetişən gənc müəllimlərimizin mənəvi-sosial dünyasının zənginləşməsinə töhfə vermək olduğunu, bu qəbildən təvəzökar olduğu qədər də böyük olan Anar yaradıcılığının müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb