Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azadlıq Hərakatçıları İctimai Birliyinin (AH İB) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ali təhsil müəssisələrində Vətən müharibəsinə həsr edilmiş konfransların keçirilməsi” layihəsi çərçivəsində tarixi qələbənin ikinci ildönümünə həsr edilmiş konfrans keçirilib.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.
Giriş sözü ilə konfransı açan birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzov erməni faşizmi üzərində tarixi qələbənin ən mühüm aspektləri haqqında məlumat vermişdir.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd etmişdir ki, şəhid ailələri və qazilərlə müntəzəm görüşlərin keçirilməsi gənclərimiz üçün mühüm mənəvi əhəmiyyət daşıyır. Qəhrəman şəhid və qazilərimizin hər birinin həyat yolu tələbələr-gənclər üçün ayrılıqda bir nümunədir.
Prorektot qeyd edib ki, şəhid ailələrini və qazilərimizi daim diqqətdə saxlayan Pedaqoji Universitet rəhbərliyi burada təhsil alan qazi tələbələr və universitetin Vətən müharibəsində şəhid olmuş 13 məzununun ailəsi ilə daim əlaqədədir və onların gənclərə tanıdılması, istərsə də, qayğılarınən həll edilməsində üzərinə düşən hər şeyi edir.
Konfransda çıxış edən şəhid anaları Aytəkin Nağıyeva, Sevil Hüseynova, Naibə Mütəllimzadə, Mətanət Məhərrəmova, Vətən müharibəsi qaziləri Fəqan Niftəliyev, Çingiz Abdullayev, QHT sədri Elnarə Abbasova, kinq-boks üzrə baş məşqçi Əli Cəfərov, universitetin tələbələrindən Lalə Əsgərova, Ulduz Əsgərova, Nəzrin Abışzadə və başqaları 2020-ci ilin payızında və sonrakı əməliyyatlarda erməni faşizminə vurulan ağır mənəvi və hərbi zərbələrdən, şəhidlərin, qazilərin tarixə həkk olunan misilsiz şücaətlərindən söz açmışlar.