18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə müstəqilliyimizi əbədiləşdirən ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Filialın direktoru dosent Tünzalə Yusifova açılış nitqində qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən keçən 31 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunun nəticəsi olaraq dövlətimiz istər siyasi arenada, istərsə də döyüş meydanında öz sözünü deyən güclü bir dövlətə çevrilmişdir. Vurğulandı ki, 44 günlük Zəfər yürüşü zamanı dövlət-ordu-xalq birliyi müstəqilliyimizin əbədi və dönməz olduğunu bir daha sübut etdi.
"Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir" adlı videoçarxın nümayişindən sonra məruzə və çıxışlara yer verildi.
Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov "Dövlət müstəqilliyimiz əbədidir" mövzusunda çıxış edərək müasir Azərbaycan dövlətinin məhz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu diqqətə çatdırdı.
Kafedranın dosenti Zərifə Cavadova "Müstəqillik dövründə Azərbaycanda təhsil", baş müəllim Fəxrəddin Məmmədov isə "Müstəqilliyimizin bərpasının hüquqi əsası" mövzularında çıxış edərək müstəqillik dövründə istər təhsil, istərsə də hüquqi baxımdan aparılan islahatlardan söz açdılar.
Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Salmanova Səbinə Məmməd Arazın "Azərbaycan" və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbəsi Məmmədov Nadir müəllifi olduğu "Şəhid məktubu" şeirlərini səsləndirdilər.