Azərbaycan dili fonetik quruluşunun ahəngdarlığına, lüğət ehtiyatının zənginliyinə, qrammatik quruluşun möhkəmliyinə, ifadəliliyinə, təsirliliyinə görə dünyanın zəngin dillərindən biri hesab olunur. Şübhəsiz ki, belə zəngin, qədim tarixi köklərə malik, əsrlərin sınağından qalib çıxıb xalqımıza xidmət edən bu müqəddəs dili qorumaq, təkmilləşdirmək, onun saflığı uğrunda yorulmadan mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Müsbət haldır ki, bu məsələdə dövlət də soydaşlarımıza dəstək verir və ana dilinin qorunub saxlanılmasına prioritet istiqamət kimi yanaşıb mühüm işlər görür.
Xüsusilə qeyd etmək lazımdır ki, təkcə son iyirmi il ərzində Azərbaycan dövlətinin rəsmi dövlət dili olan Azərbaycan dili ilə əlaqədar ölkə rəhbərliyi səviyyəsində onlarla fərman və sərəncamlar imzalanmış, 2013‒2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. Şübhəsiz ki, həmin sənədlərin həm dilimizin, həm də dilçiliyimizin inkişafında, daha da təkmilləşməsində böyük və danılmaz rolu vardır. Onların arasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel və eləcə də “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli sərəncamları, həmçinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı xüsusilə qeyd etmək olar. Qeyd olunan bu rəsmi sənədlərin məzmunu, onların ana dilimizin inkişafı istiqamətində müəyyənləşdirdiyi xətlər də göstərir ki, həqiqətən, Azərbaycan dilinin saflığının qorunması bu gün dövlət siyasətinin əsas prioritet istiqamətini təşkil edir. Bu istiqamətdə dövlətin həyata keçirdiyi işlər, apardığı islahatlar Azərbaycan dilinin inkişafında olduqca mühüm əhəmiyyət kəsb edir.
2013‒2020-ci illəri əhatə edən Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul olunması da məhz elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi baxımından çox böyük rol oynadı. Şübhəsiz ki, bu linqvistik əhəmiyyəti böyük olan Proqramın qəbul olunması Azərbaycan dilçiliyi tarixində ana dilimizin inkişafı, öyrənilməsi, hər tərəfli tədqiq olunması və saflığının qorunması istiqamətində atılmış ən uğurlu addımlardan biri idi. Proqramda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması, dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi kimi bir sıra zəruri vəzifələr müəyyənləşdirilmişdir.
Ölkə başçısı Cənab Prezident İlham Əliyev ana dilimizlə bağlı siyasətində də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi çıxış edir və bu işi uğurla davam etdirir: “Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.”
Qeyd edək ki, bu ənənə Cənab Prezidentin qəbul etdiyi həm rəsmi sənədlərdə, həm də dilimizlə bağlı etdiyi çıxışlarda özünü göstərir. Məsələn, ölkə başçısı AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda humanitar elmlərdən danışarkən tarix boyu Azərbaycan xalqının bir xalq kimi, millət kimi öz varlığını qoruyub saxlamasında mədəniyyətimiz, incənəsənətimiz, musiqimizlə bərabər, bir milli-mənəvi dəyər, milli bağ kimi ana dilimizin rolunu xüsusilə diqqətə çatdırmışdır: “Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır.”
Cənab Prezidentin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanı” da ana dilimizin saflığının qorunması istiqamətində qəbul olunmuş mühüm sənədlərdən biridir. Demək olar ki, bu Fərman da Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli müvafiq Fərmanın məntiqi ardıcılı, uğurlu davamı kimi çıxış edir. Fərmanda qeyd olunur ki, Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.
5 noyabr 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı çıxış edən Cənab Prezident yuxarıda qeyd olunan Fərmanı xatırlayaraq ana dilimizin saflığının qorunmasının zəruriliyini bir daha aktuallaşdırmışdır: “Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq.”
Təbii ki, bu dil daima bizi birləşdirən, keçmişlə gələcək arasında əlaqə yaradan qədim tarixi kökləri olan mənəvi bir körpüdür. Ona görə də bu körpünü həmişə möhkəm saxlamaq, qorumaq lazımdır. Cənab Prezidentin də bu məsələni xüsusi olaraq diqqətdə saxlaması məhz bununla əlaqədardır. Təsadüfi deyil ki, o bu siyasəti uğurla həyata keçirmək üçün qəbul etdiyi fərman və sərəncamlarda, etdiyi çıxışlarda konkret qurumlar qarşısında ana dilinin saflığını qorumağın vacibliyini dilə gətirməklə bu məsələləri sistemli şəkildə nəzarətdə saxladığını ifadə edir. Ölkə başçısının 5 yanvar 2021-ci ildə Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ifadə etdiyi fikirlər bu cəhətdən xüsusi aktuallığa malikdir: “Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir... Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq.”
22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında da çıxışı zamanı Cənab Prezident dilimizi öyrənməyin və qorumağın vacibliyini, eləcə də dünya azərbaycanlılarının birliyinin təmin olunmasında doğma dilimizin rolunu bir daha diqqətdə çatdırmış və beynəlxalq arenada bunun əhəmiyyətini vurğulamışdır: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.”
Əlbəttə, bu fikirlər müasir Azərbaycan ədəbi dilinin beynəlxalq müstəvidə həm təbliği, həm də tədrisi məsələlərinin nə dərəcədə lazımlılığını çox aydın şəkildə ifadə edir. Bu nöqteyi-nəzərdən Cənab Prezident İlham Əliyevin 21 oktyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən səsləndirdiyi fikirlər də böyük maraq doğurur: “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik.”
Göründüyü kimi, dövlətin dil siyasəti sistemli və ardıcıl xarakteri daşıyır. Yuxarıda adları çəkilən fərman və sərəncamların, o cümlədən Cənab Prezidentin dillə bağlı etdiyi çıxışların məzmununu, ana xəttini dilimizi qorumaq, sevmək, öyrənmək və saflığı uğrunda mübarizə aparmaq təşkil edir. Bu mənada Konstitusiyamızın 21-ci maddəsində öz əksini tapmış “Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir” fikri bütün parametrlərinə görə özünü doğrulda bilir və proses dövlət tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi
Filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov