44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Bu müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, daha sonra isə 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə razı oldu.
Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər bir daha onu göstərir ki, Azərbaycan Vətən müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır.
Cari ilin oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və görüşün nəticələri ölkəmizin milli maraqlarınının təmin olunduğu növbəti diplomatik qələbəmiz kimi tarixə həkk oldu. Soçi şəhərində baş tutan bu görüşdə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatı müzakirə edilərək yeni Bəyanat imzaladılar. Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq edən liderlər qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılığa gəldilər.
Görüş zamanı Ölkə rəhbəri cənab İlham Əliyevin qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşləri zamanı Dövlət başçısı bərmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Ölkə başçısı həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.
Üçtərəfli görüşün yekunu olaraq qəbul edilən birgə bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olundu. İmzalanmış sənəddə əks olunan məqamlara əsasən əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu və üçtərəfli görüşün nəticələri dünya ekspertlər tərəfindən də müsbət qiymətləndirildi. Xüsusilə də qeyd olunmalıdır ki, hər hansı bir şərt qoyulmadan Azərbaycan Respublikası Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı. Bəyanatda Qarabağ ifadəsinin olmaması da rəsmi Bakının Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail olduğunu göstərmiş oldu.
Beləliklə, daha öncə keçirilən görüşlər və imzalanan sənədlərdə olduğu kimi Soçi görüşü və imzalanan yeni üçtərəfli bəyanat Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hərb və sülh meydanında paralel fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Bununla da Azərbaycan dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda əbədi sülhün, təhlükəsizliyin və inkişafın memarı olduğunu təsdiqləyir.
Riyad Rüstəmli - ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru