8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun
TƏBRİKİ
Hörmətli müəllimlər və universitetimizin əməkdaşları!
Dəyərli tələbələr!
Sizi şanlı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm!
Bu gün Vətən müharibəsində parlaq zəfərimizin ikinci ilini qeyd edirik. Azərbaycan tarixinə əbədi həkk olunmuş Zəfər Günü ölkəmizin inkişaf yolunda yeni mərhələnin əsasını qoydu. Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğalçılardan azad edərək, dövlətimizin ərazi bütövlüyünün bərpasına nail oldu. Ötən qısa müddətdə Qarabağa böyük qayıdış prosesi başlandı. Artıq Zəngilan rayonunun Ağalı kəndində ilk ağıllı kəndin sakinləri yaşayır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Şuşa, Ağdam, digər şəhər və rayonlarda aparılan sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələrinin gerçəkləşdirilməsi özünü dəmir siyasi iradənin, qüdrətli dövlətin güclü potensialının təcəssümü kimi göstərir. Azərbaycanın siyasi qətiyyəti ilə qısa zamanda Laçın şəhərinin də tamamilə Azərbaycana qaytarılması və bu ilin sentyabrında düşmənin genişmiqyaslı təxribatına verilən layiqli cavab zəfərimizin əbədiliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Bundan sonra sərhədlərimizin delimitasiyasına, Zəngəzur dəhlizinin açılmasına və nəhayət, ədalətli sülh sazişinin imzalanmasına heç bir qüvvə mane ola bilməz.
Cari ilin 19 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilana səfərləri zamanı bir sıra infrastruktur layihələrinin açılış və ilk yaşayış kompleksinin təməlqoyma mərasimlərinin, habelə oktyabrın 20-də Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə işğaldan azad olunmuş ərazilərdəki sayca ikinci olan Zəngilan Beynəlxalq Hava Limanının açılışının keçirilməsi daha bir tarixi hadisəyə çevrildi.
Bu Zəfər Günündə Vətən yolunda canını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Rəşadətli döyüşçülər arasında ADPU-nun Vətən müharibəsində iştirak edən 200 nəfərədək tələbə və məzunu da layiqli yer tutur. Onlardan 13 nəfəri, o cümlədən 44 günlük savaşın yeganə xanım şəhidi olan Arəstə Baxışova müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Bütün qəhrəmanlarımızla qürur duyur, şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirik.
Hörmətli həmkarlar və gələcəyin müəllimləri!
Zəfər Gününün ardınca – noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Zəfərdən boylanan üçrəngli müqəddəs bayrağımız bu gün bütöv Azərbaycanda, əzəmətli Şuşa qalasında vüqarla dalğalanır.
Bir daha hər birinizi dövlətçilik tariximizin əlamətdar bayramları münasibətilə ürəkdən təbrik edir, Vətənimizin tərəqqisi üçün fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.