Noyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (AKT) nəzdində fəaliyyət göstərən Cinema klubun təşkilatçılığı ilə “Ağ ölüm – narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə ekspert qismində Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Elmi-təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan ADPU Könüllüləri Təşkilatının sədri İsmayıl Nəsirov müasir cəmiyyətimizin ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizəyə dair universitetdə mütəmadi şəkildə maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulamışdır.
Daha sonra çıxış edən ekspert Ş.Mirzəzadə narkomaniyanın insanlara vurduğu fiziki, psixi və mənəvi zərərlərinin uzun müddət qalıcı olduğunu vurğulamış, ümumilikdə yaranan bu asılılığın məhvə apardığını bildirmişdir. Ölkəmizdə narkomaniya ilə mübarizə tədbirlərinin geniş miqyasda həyata keçirildiyini qeyd edən mütəxəssis tələbə-gəncləri, xüsusən, pedaqoqları bu maarifləndirmə işlərinin bilavasitə iştirakçısı və təşkilatçısı olmağa dəvət etmişdir.