Previous Next

ADPU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibətilə Respublika elmi-praktik konfransı və kitab təqdimatı keçirildi

Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İrəvan Müəllimlər seminariyasının 140 illiyinə həsr olunmuş “Müəllim hazırlığında İrəvan Müəllimlər Seminariyasının rolu” Respublika elmi-praktik konfransı və professor Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabının təqdimat mərasimi keçirilib.
ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının tərəfdaşlığı ilə keçirilən konfrans və təqdimat mərasimində universitet rəhbərliyi, millət məkilləri, tanınmış alimlər və elm və təhsil xadimləri, professor-müəllim heyəti iştirak edirdi.
Açılış nitqində universitetin rektoru professor Cəfər Cəfərov deyib: “Əməkdaşlarımız təhsil sahəsindəki xidmətləri ilə bərabər dövləti və dövlətçiliyi dəstəkləyən layihələr icra edir, mətbuatda və sosial şəbəkələrdə maraqlı elmi və publisistik məqalələrlə çıxış edir, kitablar nəşr etdirirlər.
Bu gün Respublika elmi-praktik konfransında prof. F.Rüstəmovun tarixi Azərbaycan torpağı olan İrəvanla bağlı fundamental tədqiqat əsəri olan “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabını elmi ictimaiyyətə təqdim edirik. Əsərin metodoloji əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq” - fikirləri təşkil edir. Bu konsepsiyanın istiqamətləri 29 dekabr 2021-ci il tarixində Cənab Prezidentin imzaladığı “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamında öz əksini tapmışdır. Sərəncama uyğun olaraq Təhsil Nazirliyinin və ayrıca ADPU-nun 17 maddədən ibarət tədbirlər planı təsdiq edilmiş, universitetdə il ərzində silsilə tədbirlər keçirilmişdir. İrəvanda maarifin və maarifçiliyin inkişafında müstəsna xidmətləri olan görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin adına təqaüd təsis etmişik.”
İrəvan Müəllimlər Seminaryasının tarixinə bir daha nəzər
Əsərin ön sözünün müəllifi, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov çıxış edərək vurğulayıb ki, tarixi yaratmaq da, yaşatmaq da, yazmaq da çox ciddi problemdir. “Bu baxımdan bizim də çoxlu çətinliklərimiz var. F.Rüstəmovun hazırladığı və Azərbaycan elmi ictimaiyyətinə təqdim etdiyi əsər məhz bu aspektdən olduqca faydalı və vaxtına yazılan bir əsərdir. Bu əsər sayəsində 1881-1917-ci illərdə fəaliyyət göstərən İrəvan Müəllimlər Seminariyasının fəaliyyəti hərtəfli surətdə, arxiv materialları əsasında tədqiq edilmiş, onun milli ruhu elmi əsaslarla təqdim olunmuşdur.
Belə tədqiqatlar daha çox və sistemli aparılmalı, o cümlədən orta əsrlər və qədrim dövr Azərbaycan maarifi də ciddi araşdırılmalıdır.”
Müzakirələrdə çıxış edənlərdən millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, tarixçi alim Firdovsiyyə Əhmədova, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı dosent Nazir Əhmədli, ADPU-nun Ağsaqqallar Şurasının sədri professor Məlikməmməd Cəbrayılov, tanınmış pedaqoq və təhsil təşkilatçısı Asif Cahangirov, dos. Vidadi Bəşirov, dos. İramin İsayev və başqaları belə tədqiaqat işlərinin həm pedaqoji fikir tarixi, həm də siyasi-ideoloji baza baxımından çox zəruri olduğunu, vaxtilə Cənubi Qafqazın intellektual mərkəzi olan İrəvanın tarixinin araşdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıblar.
Sonda çıxış edən əsərin müəllifi professor Fərrux Rüstəmov universitet rəhbərliyi və konfrans iştirakçılarına minnətdarlığını bildirərək bu kitabı məhz Prezident İlham Əliyevin Sərəncamından və Onun elmə-təhsilə yüksək qayğısından ilham alaraq alim-vətəndaş borcunu yerinə-yetirmək amalı ilə ərsəyə gətirdiyini vurğulayaraq, bu cür tədqiqatların bütöv Azərbaycan ideologiyasının elmi-obyektiv bazasının genişləndirilməsində çox vacib olduğunu qeyd edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search