Previous Next

ADPU-nun Quba filialında Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbə və müəllim heyətinin istəyini nəzərə alaraq, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birlyinin üzvü, “Ayna” Mətbu Evinin rəhbəri, Əməkdar jurnalist Elçin Şıxlı ilə "Mənəvi tarazlığı qoruyan adam” mövzusunda görüş keçirilib.
Tədbirdən əvvəl Quba şəhərindəki Media Şəhidləri Parkındakı abidə ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub. Daha sonra Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin rəmzi olan Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ziyarət olunub. Tədbir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarını fəda etmiş şəhidlərimizin, o cümlədən media şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hər bir şəxsiyyət üzləşdiyi mühitdən əvvəl məhz ailə ocağında yetişir, formalaşır, gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır. Bu gün 65 illik həyatının işığına yığışdığımız görkəmli jurnalist Elçin Şıxlı da Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlı ocağından nur götürüb, öz işığını yaradıb.
Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev Əməkdar jurnalistə filial kollektivi adından xatirə hədiyyəsi təqdim edib və vurğulayıb ki, onu yaxından tanıyanlar yaxşı bilir ki, zəngin dünyagörüşünə, geniş məlumat dairəsinə, dərin biliyə, qibtə ediləcək təfəkkürə sahib olan Elçin Şıxlı bu gün Azərbaycan mediasında iz qoyan fenomenlərdəndir.
Direktor qeyd edib ki, bu gün sizin gənclərimiz üçün dəyərli olacaq fikirlərinizi sizin özünüzdən eşitmək olduqca əhəmiyyətlidir.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramova “Elçin Şıxlı şəxsiyyətində İsmayıl Şıxlı bənzərliyi” adlı məruzə ilə çıxış edib. Həmçinin görkəmli şair Ramiz Qusarçaylı, filailın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, şair Rahib Sədullayev çıxış edərək qeyd ediblər ki, Elçin Şıxlı yaradıcılığında ilahi işarə olan söz çox mükəmməl şəkildə özünə yer tapmışdır. Sonra filialın müəllim və tələbələrinin ünvanladığı suallara cavab verən Əməkdar jurnalist gənclərin aktivliyindən, müəllimlərin dərin təhlil qabiliyyətinin olmasından məmnunluğunu ifadə edib.
Tədbirdə filialın I tədris ili tələbələrinin təqdimatında "Dəli Kür" filmindən fraqment nümayiş olunub, filmdəki “Ana Kürüm” mahnısı tələbələrin ifasında səsləndirilib. O cümlədən, filialın ART incəsənət klubunun üzvləri tərəfindən Elçin Şıxlının portretləri çəkilib, xalq yazıçısı İsmayıl Şıxlının rəsmləri nümayiş edilib.
Sonda Elçin Şıxlı rəngarəng səhnələrlə dolu olan görüşə görə universitetin və filialın rəhbərliyinə təşəkkürlərini bildirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search