Dekabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində dekan seçkiləri keçirilib.
Fakültədə çalışan 40 nəfər əməkdaşdan 39-nun iştirak etdiyi seçkilərdə Pedoqoji psixologiya kafedrasının müdiri psixologiya üzrə elmlər doktoru Qızxanım Qəhrəmanova dekanlığa namizədliyini irəli sürüb.
Dekan seçkiləri ilə bağlı fakültənin ümumi iclasına sədrliyi Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, katibliyi isə Elmi katibliyin əməkdaşı Şəfa Əhmədova icra edib.
Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova və Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev seçkidə müşahidəçi qismində iştirak ediblər.
Sədr dos. Eldar Aslanov qaydaları elan edərək, dekanlığa namizədlər haqqında məlumat verildikdən sonra namizədin platformasının dinləniləcəyini və müzakirələr aparılacağını qeyd edib. Daha sonra fakültə kollektivi gizli səsvermə yolu ilə yeni dekanı seçməlidirlər.
Prorektor qeyd edib ki, fakültənin axırıncı dekanı Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov Pedaqoji Universitetin və Azərbaycan pedaqoji fikir tarixinin inkişafı və tədqiqində müstəsna xidmətləri olan alim və təhsil təşkilatçısıdır.
Sonra dekan vəzifəsinə namizəd prof. Q.Qəhrəmanova öz platformasını təqdim edərək seçiləcəyi təqdirdə növbəti 5 il üçün fakültədə icra olunacaq fəaliyyətlərlə bağlı proqramınn əsas tezislərini diqqətə çatdırıb. Platformada ibtidai sinif müəllimliyi ixtisası üzrə kadr hazırlığında innovativ metodların tətbiqi, yeni tədris proqramlarının hazırlanması, müasir trendlər əsasında inkişaf, maddi-texniki baza kimi məsələlər yer alıb.
Təqdimatdan sonra müzakirələrə keçilib. Müzakirələrdə fakültənin sonuncu dekanı prof. Fərrux Rüstəmov kollektivə və universitet rəhbərliyinə təşəkkür edib, fakültədə qazanılan uğurlardan danışıb, yeni namizədin seçiləcəyi təqdirdə öz platforması ilə fakültəni daha da inkişaf etdirəcəyinə inamını ifadə edib.
Sonra gizli səsvermə başlayıb. Gizli səsvermənin aparılması üçün fakültə əməkdaşlarından dos. Qulaməli Balaşovun sədri, dos. Zahir Kazımov və dos. Mübariz Əsədovun üzvü olduğu Hesablayıcı Komissiya formalaşdırılıb.
Gizli səsvermədən sonra Hesablayıcı Komissiyanın sədri dos. Q.Balaşov nəticələri elan edərək, prof. Qızxanım Qəhrəmanovanın növbəti 5 il üçün ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı seçildiyini bildirib.