Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində Azərbaycan tarixi kafedrasının dosenti Elmira Süleymanovanın rəhbərliyi ilə Şuşa şəhərinin zəngin tarixinə həsr olunmuş tələbə elmi konfransı kecirilib. Konfransın açılışında qeyd olunub ki, Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şuşa ili" elan edilmiş 2022-ci il ərzində ölkə miqyasında, eləcə də ADPU-da Şuşa ilə bağlı çoxlu işlər görülüb, tədbirlər təşkil olunub və bu fəaliyyətlər davam edəcək.
Konfransda İbtidai təhsil fakültəsinin dekanı prof. Qızxanım Qəhrəmanova, prof. Fərrux Rüstəmov, dekan müavini dosent Afət Həsənova və digər qonaqlar iştirak etdilər. Torpaqlarımızın bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tələbələr tərəfindən ADPU-nun müəllimi Əlibaba Zalovun "Şuşa" şeirini səsləndirdikdən sonra 2110İBT qrupunun tələbəsi Şəbinə Dadaşovanın "Şuşa qədim Azərbaycan şəhəridir", 2108İBT qrupunun tələbəsi Aytən Tağızadənin "Şuşanın tarixi-mədəni abidələri", 2107İBT qrupunun tələbəsi Şövqiyyə Mərdanova və 2108İBT qrupunun tələbəsi Günel Kərimlinin "XIX əsr Şuşa maarifçiliyi” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Şuşanın tarixi abidələri və onların işğal zamanı aqibəti, şəhərin zəngin elmi-mədəni həyatı haqqında ətraflı məlumat verilərək qeyd olundu ki, Şuşa maarifçilik hərəkatı Azərbaycan maarifçiliyinin inkişafında əhəmiyyətli rol oynayıb, Şuşa maarifçiləri Azərbaycanı böyük maarifçilik meydanına çeviriblər.
2109İBT qrupunun tələbəsi Səlimə Paşazadə "Şuşa" şeirini səsləndirməsindən sonra dosent Elmira Süleymanova yekun nitqi ilə çıxış edərək qeyd etdi ki, dağların zirvəsində yerləşən, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa yaxın gələcəkdə təhsil və mədəniyyət ocaqları ilə zəngin ən gözəl şəhərlərdən birinə çevriləcək. Konfras Ulu Öndər Heydər Əliyevin "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!" kəlamı ilə yekunlaşıb.