Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclasında iştirak ediblər.
Onlayn formatda baş tutan toplantıda ilkin olaraq tərəfdaşlar komitə üzvləri ilə tanış olublar. Həmçinin, strateji inkişaf məsələləri üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Müzakirələrin gedişində tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.
İclas zamanı 2 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tədris və innovasiya üzrə prorektoru Araz Aslanlı 85.7 % səs çoxluğu ilə idarə heyətinin sədri seçilib.
Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün keçirilən səsververmənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədr müavinləri seçiliblər.
Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmilləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.