Əziz gənclər, dəyərli tələbələr!
Sizi – qocaman ali təhsil müəssisəsinin döyünən nəbzi olan çoxminli tələbələrimizi və gənclərimizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, elmi-pedaqoji və ictimai fəaliyyətinizdə davamlı uğurlar, firavanlıq arzu edirəm!
Bildiyimiz kimi, 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Respublikamızda Gənclər Günü qeyd olunmağa başlanılıb. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirən, gəncliyi daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə nail olunub, ölkədə könüllülük hərəkatı geniş vüsət alıb. Prezident İlham Əliyevin bu sahəyə olan yüksək diqqəti 2007-ci ilin “Gənclər ili” elan edilməsində, Gənclər Fondunun yaradılmasında, eləcə də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsində özünü bariz şəkildə göstərib. Aparılan uğurlu gənclər siyasəti nəticəsində müstəqillik dövründə yetişən sağlam gənclik 30 ildir işğal altında qalan torpaqlarımızı azad etdi, bu gün isə təbii sərvətlərimizin talanmasına qarşı öz haqq səslərini dünyaya çatdırırlar.
Əziz gənclər!
Qeyd etmək lazımdır ki, ölkə başçısının apardığı məqsədyönlü siyasətə uyğun olaraq, ADPU-da da gənc kadrların, xüsusən universitetin məzunlarının işə götürülməsi sistemli xarakter daşıyır. Eləcə də Pedaqoji Universitetin gənclərin evinə çevrilməsi, müəllimlik peşəsinin müasir dünya trendlərinə uyğun şəkilləndirilməsi istiqamətində davamlı işlər görülür, universitetdə tələbələrin - gənclərin zəngin sosial-ictimai həyatlarının təmini, maddi-texniki potensialının yüksəldilməsi, yeni akademik imkanların yaradılması, məzunlarımızın məşğulluğunun təmin edilməsi ilə bağlı müntəzəm tədbirlər icra olunur. Universitetdə beynəlxalq ikili diplom və mübadilə proqramları uğurla həyata keçirilir.
Təsadüfi deyil ki, cari tədris ilində ADPU-nun qəbul planı 100 faiz dolmuş, 650 baldan yüksək nəticə əldə edən abituriyentlər, eləcə də ölkənin 15 yaşlı ən gənc abituriyenti də universitetimizi – müqəddəs müəllimlik peşəsini seçmişlər.
Heç şübhəsiz, bu işlər davamlı xarakter daşıyır. Çünki gənclərimiz gələcəyimizdir. Bir daha sizi sizin gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Bayramınız mübarək!