Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində bugünə olan məlumata görə 5800-dən çox insan həlak olmuş, on minlərlə insan yaralanmış, minlərlə bina və evlər dağılmışdır.
Qardaş ölkənin 10 vilayətində yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də zəlzələdən zərər çəkənlərə humanitar yardım məqsədi ilə kampaniya başladır.
Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatına əsasən, bütün yaşlardan olan zərərçəkənlərin əsasən qış paltarlarına - gödəkçə, şalvar, əlcək, corab, ayaqqabıya ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, odeyal, döşək, standart qızdırıcı cihazlar, əl fənəri, generator, poverbank, təmizlik alətləri, gigiyenik vasitələr, uşaq ləvazimatları və s. lazımdır.
Kampaniyaya qoşulmaq istəyən ADPU tələbələri və əməkdaşları 08.02.2023 tarixindən səhər 09:00-dan etibarən yardımlarını ADPU-nun Bakı şəhərində yerləşən bütün tədris binalarına yaxınlaşaraq təhvil verə bilərlər.