Previous Next

“Baharlı yurdum”a “Novruz gəlir” – ADPU-da bayram şənlikləri

Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz bayramı münasibəti ilə “Baharlı yurdum” adlı tədbir keçirilib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) tərəfindən təşkil olunan bayram şənliyində ADPU-nun rəhbərliyi, müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti və 400 nəfərədək tələbə iştirak edib.
İştirakçılar əvvəlcə Novruz adət-ənənələrini özündə əks etdirən stendlərlə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanan tədbir tələbələrdən Dilarə Abdullayevanın ifasında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifa etdiyi və onun adıyla əbədiləşən “Xudayar təsnifi”nin ifa olunması ilə açıq elan olunub.
Kosa və keçəlin duzlu-məzəli səhnəcikləri tələbələrin ifasında musiqi və rəqs nömrələri və fləş-mobla davam edib. Filologiya və Kimya və biologiya fakültələrinin tələbələrinin hazırladıqları “Haxışda” və “Üzük falı” səhnələri maraqla qarşılanıb. Şənlik yallı rəqsi ilə yekunlaşıb.
Kompozisiyalarda eyni zamanda Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələri də iştirak edib.
Digər bayram şənliyi də universitetin II tədris binasında keçirilib. Tarix və coğrafiya fakültəsi və Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı, Suraxanı Gənclər Evinin dəstəyi ilə keçirilən “Novruz gəlir” adlı tədbir tədbir də Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən Novruz bayramı haqqında fikirlərini bildirib, bayram münasibəti ilə tələbə və müəllim kollektivini təbrik edib.
ADPU TGT-nin sədri Təhmasib İmaməliyev bayram adətlərindən söz açaraq, tədbirdə Novruz ənənələrini əks etdirən musiqi nömrələri, səhnəciklər və bədii kompazisiyaların təqdim olunacağını diqqətə çatdırıb.
Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova çıxış edərək ölkəmizin hər yerində Novruz ab-havasının yaşandığını qeyd edərək, tədbir iştirakçılarının bayramını təbrik edib.
Bayramla bağlı videoçarxın izlənilməsindən sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Yaşa Azərbaycan", “Qarabağ inciləri” mahnıları, “Heyratı” zərb-muğamı ifa olundu. Gənclər Evinin fəallarından Fatimə İsmayılovanın “Şuşanın dağları” adlı rəqsi də xüsusi maraqla qarşılandı. Tələbələr tərəfindən xalqımızın adət-ənənələrini, bu adətlərin mənalarını təcəssüm etdirən səhnəcik nümayiş etdirildi.
Sonda "Heydər Əliyev İli” ilə bağlı tələbələrinin hazırladığı xüsusi kompazisiya təqdim olundu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search