Previous Next

Novruz bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki

Hörmətli həmkarlar, əziz tələbələr!

Sizi təbiətin oyanışının müjdəçisi, Azərbaycan xalqının ən əziz və sevimli günlərindən biri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, firavanlıq, elmi-pedaqoji fəaliyyətinizdə və təhsilinizdə yeni-yeni uğurlar arzu edirəm.

Azərbaycan torpağında qədim köklərə malik olan Novruz bayramının xalqımızın mədəni sərvətlər xəzinəsində məxsusi yeri var. Ulu əcdadlarımızın zəngin dünyagörüşü, geniş təfəkkürü və həyata nikbin baxışlarının dolğun təcəssümü olan bu möhtəşəm el bayramı əsrlərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, bizim vahid mənəvi aləmimizin formalaşmasında tarixən mühüm rol oynamışdır. Qloballaşma dalğasının qarşısıalınmaz vüsətlə yayıldığı dövrdə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması, dövlət bayramı olaraq yüksək səviyyədə qeyd edilməsi çoxəsrlik zəngin mədəni irsimizə ehtiramımızın təzahürüdür.

1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Novruzu ilk dəfə milli bayram kimi dövlət səviyyəsində rəsmiləşdirsə də, sovet hakimiyyəti dövründə bu qədim bayram da digər milli irs nümunələri kimi mürtəce mədəniyyət qalığı adı ilə tezliklə qadağan edilmişdi. Lakin təzyiqlərə və qoyulan sərt məhdudiyyətlərə baxmayaraq, Azərbaycan xalqı öz mənəvi irsini qəlbində və yaddaşlarda yaşadaraq qorudu, yeni nəsillərə ötürdü.

Dövlət müstəqilliyinin qazanılması Azərbaycanın milli mədəniyyətinin inkişafı yolunda geniş perspektivlər açdı. Zəngin mənəvi dəyərlərimizin dirçəldilməsi, həyatımızda özünəlayiq yer tutması və təbliği sahəsində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli-kulturoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yeni xarakter alaraq, maddi-mədəni və mənəvi dəyərlərimizin dünya miqyasında daha geniş tanıdılması istiqamətində davam etdirilib. Bu baxımdan 2009-cu ildə Novruz bayramının UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti xüsusi rol oynamışdır. 2010-cu ildə isə BMT Baş Assambleyasında mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunmasına Azərbaycan Respublikası da mühüm töhfə vermişdir.

Prezident İlham Əliyevin müzəffər sərkərdəliyi ilə qazandığımız böyük Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı ilə artıq üçüncü ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində dərin minnətdarlıqla yad edir, sərhədlərimizin keşiyində dayanan mətin Azərbaycan əsgərinə isə uğur diləyir və bayram salamlarımızı göndəririk.

Bu bahar günlərinin bəxş etdiyi enerji ilə biz – bütün dünya azərbaycanlıları, o cümlədən çoxsaylı kollektivimizin üzvləri, müəllim və tələbələri ölkəmizi daha da inkişaf etdirmək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirmək, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə daha dərindən çatdırmaq üçün əlimizdən gələni etməliyik.

 Müəllimlər ordusu olaraq milli şüurun gənc nəslə aşılanması və mədəni-mənəvi dəyərlərimizin yaşadılması üçün daim əzmlə çalışmalıyıq. Sağlam düşüncəli, yüksək səriştəli şəxsiyyət və vətənpərvər vətəndaş tərbiyəsi işində sizə tükənməyən qüvvə və nailiyyətlər arzu edirəm!

Hamınıza bahar əhvali-ruhiyyəsi diləyirəm. Bu əziz bayram hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search