Martın 29-da ADPU-nun Tarix və coğrafiya fakültəsinin 2 qrupunun (COG 2201, COG 2204) tələbələri “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər.
Əvvəlcə onlara Pedaqoji Universitetdə Heydər Əliyev Mərkəzinin yaradılması, burada mütəmadi təşkil olunan konfranslar, dəyirmi masalar, intellektual yarışlar və s. barədə məlumat verilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğu, bununla bağlı xüsusi Tədbirlər Planının təsdiq edildiyi, il ərzində təhsil müəssisələrində digər tədbirlərlə yanaşı, “Heydər Əliyev dərsləri”nin də keçirilməsinin nəzərdə tutulduğu iştirakçıların diqqətinə çatdırılıb.
Mərkəzin müdiri T.Süleymanov “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr ölkənin dirçəliş və sürətli inkişaf mərhələsini təşkil edir. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk illərdən başlayaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoydu.
Dərslərdə tələbərə əlavə olaraq 1918-ci ilin mart- aprel aylarında Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və erməni-daşnak silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələri barədə məlumat verilib, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, hər il 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunduğu diqqətə çatdırılıb.
Dərslərin gedişində mərkəzin mütəxəssisi tələbələri eksponatlarla tanış edib, onları Ulu Öndərin həyat və fəaliyyətinə dair faktlarla məlumatlandırıb.
Dərslər Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi, həmçinin dünyanın aparıcı ölkələrinin liderlərinin, görkəmli siyasi xadimlərin Ulu Öndər barədə söylədiyi fikirləri əks etdirən slaydların təqdim olunması ilə davam edib.
Sonda tələbələrə dərs prosesində Heydər Əliyev barədə verilən məlumatlar əsasında hazırlanmış suallar ünvanlanıb, xüsusi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Beləliklə, martın 3-dən 29-dək ADPU-nun Tarix və coğrafiya fakültəsinin 9 qrupunda 230-dan çox tələbənin iştirak etdiyi “Heydər Əliyev dərsləri” baş tutub. Qarşıdakı dövrdə dərslərin digər qrup və fakültələrdə keçirilməsi nəzərdə tutulur.