Previous Next

Pedaqoji Universitetdə MİQ imtahanlarının analitik təhlili müzakirə olunub

Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsi tərəfindən 2022-ci il üzrə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının nəticələrinin analitik təhlilinin müzakirəsi təşkil olunub. Bu müzakirələr İnsan Resursları Şöbəsi tərəfindən hazırlanan plan üzrə pedaqoji kadr hazırlayan əsas ali təhsil müəssisələrində ardıcıl surətdə təşkil olunur.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikrilərini bölüşərək, bundan 105 il əvvəl daşnak-bolşevik qruplaşması tərəfindən xalqımıza qarşı misilsiz soyqırımı törədildiyini, lakin bununla belə Azərbaycan xalqının azadlıq və dövlətçilik əzmini qıra bilmədiklərini qeyd edib. Ardınca soyqırımı qurbanları və vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor çıxışında son illərdə Pedaqoji Universitetdə aparılan struktur, məzmun və infrastruktur islahatları, habelə məzunların əmək bazarında iştirakına dair görülən tədbirlər haqqında məlumat verərək, əsas hədəfin müasir dövrün tələblərinə uyğun, yüksəksəviyyəli müəllim kadrları hazırlamaq və tədqiqat universiteti olaraq, daha geniş fəaliyyət göstərmək olduğunu qeyd edib.
Sonra İnsan Resursları Şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov mövzu üzrə təqdimatla çıxış ediblər. Analitik təhlilin nəticələrinə əsasən, MİQ imtahanlarının nəticələrinin son illərdə artan dinamikaya malik olduğu və nəticələrə əsasən, Pedaqoji Universitet məzunlarının ilk sıralarda yer aldığı qeyd olunub. Bildirilib ki, artım dinamikasına rəğmən bəzi spesifik ixtisaslar üzrə müəyyən çatışmazlıqların olması ali təhsil müəssisələrində bu ixtisaslar üzrə məzmun və yanaşmada yeniliklərin tətbiqinə ehtiyac duyulur.
Maraqla qarşılanan təqdimatdan sonra professor-müəllim heyətinin çoxsaylı sualları ətrafında müzakirələr aparılıb, analitik təhlilin nəticələrinin gələcək qəbul planlarının və tədris planlarının tərtibində önəmli rol oynayacağı vurğulanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search