Previous Next

ADPU-nun baza məktəbində elmi-praktik tədbir: Kimya həyatdır, həyat kimyadır

Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə Universitetin Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Rumiyyə Camalovanın rəhbərlik etdiyi “Kimya elmi istedadlı uşaqların gözündə” kimya dərnəyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya həyatdır, həyat kimyadır” adlı elmi-praktik tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev və İnstitutun əməkdaşları, Qeyri-üzvi Kimya və Kataliz İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Faiq Məmmədov, həmçinin ADPU-nun “kimya və biologiya müəllimliyi” və “kimya müəllimliyi” ixtisasının IV tədris ili tələbələri, məktəbin müəllim və şagirdləri iştirak edib.
Çıxış edən məktəbin direktoru Könül Təhməzova qonaqlara məktəbdə fəaliyyət göstərən kimya dərnəyi və “Kiçik Akademiya”nın fəaliyyəti barədə məlumat vermiş, dərnəyin və akademiyanın kimya departamentinin işlərindən məmnunluğunu ifadə edib. O, İnstitut rəhbərliyinin məktəbdə dərnək üzvləri ilə canlı görüşünün də olduqca əlamətdar olacağına əminlik ifadə etdi.
Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev çıxışında deyib ki, istər belə görüşlər, istərsə də şagirdlərin institut laboratoriyalarına ekskursiyası təkcə universitetlər deyil, həm də məktəblərdə elmlə təhsilin inteqrasiyası istiqamətində atılan mühüm addımdır: “Nəzərə alsaq ki, əsl istedadlar məktəblərdədir və onları aşağı yaşlarda aşkara çıxarmaq lazımdır, o zaman elmi-tədqiqat müəssisəsi olaraq biz də maraqlıyıq ki, bu yollarla elmə istedadlılar gəlsin, davamçılarımız yetişsin, gələcəkdə bizləri əvəz etsinlər”.
V.Fərzəliyev istedadlı şagirdlərin elmə istiqamətlənməsi yolunda 7 saylı tam orta məktəbdə “Kiçik Akademiya”, ayrı-ayrı fənn dərnəkləri vasitəsi ilə görülən işləri yüksək qiymətləndirib, bundan sonra da məktəbə rəhbərlik etdiyi İnstitutun alimləri tərəfindən dəstək veriləcəyini vurğulayıb.
Sonra kimya dərnəyinin və “Kiçik Akademiya”nın üzvləri olan şagirdlər kimya elminin tarixi, kimyanın inteqrativ xarakteri, kimya sahəsində xidmətləri ilə seçilən bəzi alimlər haqqında təqdimatlar etməklə yanaşı, buzun yandırılması, kibritsiz alov, yod ləkəsinin ekoloji təmiz yolla çıxarılması və s. kimi təcrübələri, nəzəri məsələlərin həlli yollarını nümayiş etdirdilər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin elementlərin planetlərə bənzədilməsini əks etdirən misralarının animasiya əksi virtual eynəklər vasitəsilə iştirakçılara təqdim olundu.
Sonda 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzovaya elmlə təhsilin inteqarsiyası, istedadlı şagirdlərin elmə cəlb olunmasına verdiyi töhfələrə görə Aşqarlar Kimyası İnstitutunun təşəkkürnaməsi, akademik Vaqif Fərzəliyevə isə Kimya dərnəyinin üzvlərinin əl işi olan hədiyyə təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search