Previous Next

Ramazan bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki!

Hörmətli həmkarlar və tələbələr!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə, təhsilinizdə və şəxsi həyatınızda daimi uğurlar arzulayıram.

Ramazan İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin Allah tərəfindən göndərildiyi və insanları mənəvi-əxlaqi saflığa, xeyirxahlığa, birlik və həmrəyliyə səsləyən, bəşər övladına ali keyfiyyətlər aşılayan ay kimi səciyyələnir.  

Ölkəmizdə möhkəm tolerantlıq mühitinin formalaşmasında İslam dininin humanist dəyərlərinin təsiri həmişə özünü büruzə verir. Bütün dinlərə hörmətlə yanaşan xalqımız öz adət-ənənələrini və dini ayinlərini də həssaslıqla qoruyub saxlayır, nəsildən-nəslə ötürür. Bu sırada Ramazan bayramı da özünəməxsus yer tutur və hər il yüksək səviyyədə qeyd olunur.

Azərbaycan Respublikası multikultural dövlət, xalqımız tolerant xalq kimi  bu gün dünyada sülhün və həmrəyliyin carçısı kimi çıxış edir. Bu, bir tərəfdən, xalqımızın insanpərvər təbiəti ilə bağlıdırsa, digər tərəfdən, onun zəngin mənəvi varlığndan bəhrələnən milli dövlət siyasətinin nəticəsidir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu humanist siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çevik dövlət kursunda bariz şəkildə əksini tapır. Eyni zamanda ölkəmizin bütün guşələrində, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə çoxsaylı dini abidələr təmir və bərpa olunur, geniş layihələr icra edilir.

Artıq üçüncü ildir ki, böyük Zəfər qazanaraq əzəli torpaqlarımızı düşmən tapdağından azad etmişik. Dövlətimizin ardıcıl səyləri ilə qədim dədə-baba yurdumuzda həyat yenidən canlanır, bütün tarixi-mədəni və dini irsimizin bərpası üçün intensiv işlər aparılır. Bu müqəddəs bayram ərəfəsində Vətəni­mizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, qazilərimizə şəfa diləyirik.

Əziz həmkarlar və tələbələr!

Ölkəmizin gələcəyi sayılan övladlarımızın təlim-tərbiyəsini həvalə etdiyimiz müəllimlərin hazırlandığı yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olaraq Azərbaycan Dövləti Pedaqoji Universiteti öz strateji yanaşmasında dərin bilik, rəqəmsal bacarıqlarla yanaşı, geniş dünyagörüşü və yüksək mənəvi-əxlaqi dəyərlərə, vətənpərvərlik hisslərinə malik mütəxəssis-şəxsiyyətlərin yetişdi­ril­məsini prioritet vəzifə kimi irəli sürür, bu məqsədə çatmaq üçün sizinlə əl-ələ verərək davamlı çalışır.  

Sizə saf mənəviyyat və paklığı tərənnüm edən mübarək Ramazan bayramında birgə addımladığımız bu müqəddəs yolda cansağlığı və müvəf­fə­qiy­yətlər diləyirəm.

Bayramınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search