Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TK TB) təşkilatçılığı ilə “Şagirdə tələbə dəstəyi” layihəsinə yenidən start verilib.
Belə ki, layihə çərçivəsində ADPU-nun Filologiya fakültəsinin II tədris ili tələbəsi Şölə Rüstəmova, Fizika fakültəsinin II tədris ili tələbəsi Əfsanə Vəliyeva və Riyaziyyat fakültəsinin II tədris ili tələbəsi Şəfiqə Əliyeva tərəfindən Bakı şəhəri 209 nömrəli tam orta məktəbin VII sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ilk onlayn dərslər keçirilib.
Eyni zamanda, layihə çərçivəsində bir müddət əvvəl tələbələr tərəfindən toplanan dərs və hazırlıq vəsaitləri Qala, Maştağa və Nardaran məktəblilərinə çatdırılıb.
Qeyd edək ki, bir neçə ildir həyata keçirilən bu layihənin məqsədi ADPU tələbələri tərəfindən müxtəlif rayon və məktəblərdə təhsil alan şagirdlərə əyani, onlayn və hibrid formada dəstək göstərilməsi, müxtəlif səbəblərdən imtahanlara hazırlaşmaqda çətinlik çəkən şagirdlərə kömək edilməsidir.