Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” elmi-nəzəri pedaqoji jurnalının təqdimatı keçirilib. Təqdimatda universitetin müvafiq struktur rəhbərləri, ADPU-nun dövri-elmi jurnallarının redaksiya heyətinin üzvləri, professor-müəllim heyəti, doktarant və magistrantlar iştirak ediblər.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov giriş sözü ilə çıxış edərək bildirib ki, “Azərbaycan məktəbi” jurnalı ölkəmizin ilk akademik pedaqoji jurnallarından biri kimi bir əsrə yaxındır, elmi-pedaqoji fikirin inkişafında müstəsna rol oynayır. Xüsusən, Pedaqoji Universitetin alimlərinin tədqiqatları jurnalın səhiflərində həmişə geniş yer almışdır və bu əməkdaşlığın bu gün də inkişaf etdirilməsi, o cümlədən, bunun müəllif-jurnal əməkdaşlığı ilə yanaşı, ADPU-nun dövri-elmi jurnalları ilə də jurnal-jurnal səviyyəsində davam etdirilməsinin zəruriliyini qeyd edib.
Daha sonra “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, 1924-cü ildən fəaliyyət göstərən jurnal mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Jurnalda elmi ictimaiyyətin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri, fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxil edilib.
Bildirilib ki, jurnalda yer alan Təhsil idarəçiliyi, Təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, Təhsil siyasəti, Kurikulum, Təhsil texnologiyaları, Pedaqogika, Təhsilin sosiologiyası, Təhsil tarixi, Xüsusi təhsil, Müəllim hazırlığı, Qiymətləndirmə və s. rubrikaların hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir. Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür. Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, Indeks Copernicus International, Idealonline, РИНЦ indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi SCOPUS, Web of Science-in istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir və bu istiqamətdə müəllifləri də aktiv olmağa dəvət edir.
Daha sonra jurnalın baş redaktorunun müavini Nəsrəddin Musayev, ADPU-nun professoru, jurnalın redaksiya heyətinin üzvü Fərrux Rüstəmov və başqaları öz təəssüratlarını böülüşüb, müəlliflərlə əlaqələrin genişləndirilməsi üçün öz təkliflərini səsləndiriblər.