Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidovanın rəhbərliyi ilə tələbələrdən bir qrupu mayın 6-da universitetin 2-ci tədris korpusunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edib.
Tələbələr mərkəzdə nümayiş etdirilən kitab, foto, arxiv sənədlərinin surətləri və digər materiallarla tanış olub, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin əsas məqamları barədə ətraflı məlumat verilib.
Çıxışlarda qeyd edilib ki, Heydər Əliyev Azərbaycan xalqının öz çoxəsrlik tarixində yetirdiyi ən parlaq şəxsiyyətlərdən və görkəmli dövlət xadimlərindən biridir. Fenomenal yaddaşa, geniş dünyagörüşünə, yüksək natiqlik qabiliyyətinə, tükənməz enerjiyə və nəhəng idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycana iki dəfə uğurla rəhbərlik edib, Sovet İttifaqının ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksələ bilib. Onun ölkəmizə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan əksər göstəricilərə görə SSRİ-nin 15 respublikası arasında qərarlaşdığı sonuncu pillələrdən qabaqcıl mövqelərə çıxıb, əhalinin rifahı əsaslı şəkildə yaxşılaşıb, təhsilin, səhiyyənin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Heydər Əliyev Moskvada işlədiyi 1982-1987-ci illərdə də doğma respublikaya diqqət və qayğısını əsirgəməyib, ona daim öz dəstəyini göstərib. Ulu Öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illəri xaos və anarxiyadan ictimai-siyasi sabitliyə, tənəzzüldən davamlı inkişafa aparan dövr kimi səciyyələndirmək olar. Heydər Əliyevin ölkə qarşısında xidmətləri o qədər böyükdür ki, 1969-2003-cü illər haqlı olaraq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlandırılır.
Çıxışlardan sonra dünyanın tanınmış siyasi və dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar, habelə Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.