2020-ci ilin noyabrın 9-da Şuşa şəhərinin azad edilməsinin ardınca Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq həmin ilin dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edildi.
Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. 90-cı illərin əvvəllərində AXC-“Müsavat” cütlüyünün hakimiyyət uğrunda mübarizəsinin qurbanı olan Laçın rayonu 1992-ci ilin mayın 18-də Ermənistan tərəfindən işğal edildi. Laçın rayonunun işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. AXC-“Müsavat” cütlüyünün hakimiyyəti isə Laçını nəinki işğaldan azad edə bilmədi, əksinə digər torpaqlarımız da erməni işğalına məruz qaldı.
Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanır, insanlar öz yurdlarına qayıdaraq böyük quruculuq işləri həyata keçirməyə başlayırlar.
Cari ilin may ayının 28-də Laçın şəhərində şəhərə qayıdan əhali ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonda aparılan böyük quruculuq və barpa işləri barədə məlumat verərək demişdir: “7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”.
Laçın şəhərinin abadlaşdırılmasından bəhs edən Ölkə başçısı yaxın gələcəkdə sakinlərin öz yurdlarına qayıdacaqlarını, su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yollarının yenidən qurulduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ermənilərin təbiətə vurduğu ziyana diqqəti yönəldərək qeyd etmişdir: “Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq”.
Göründüyü kimi Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması dövlətimiz üçün əsas vəzifələrdən biridir. Burada heç vaxt tarixdə olmayan yollar, eyni zamanda, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar və hərbi mövqelərə gedən yollar salınmışdır. Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradılır. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir ki, o bölgədə heç vaxt hava limanı olmamışdır. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün deyildi. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edilir.
Bütün bunlar bir daha onu göstərir ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur. Bununla da illərlə yurd həsrəti çəkən sakinlərin qayıdışı ilə Laçın daha da gözəlləşib, canlanacaq.
Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri