Previous Next

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir

Ümummilli Lider Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer  tutan elə nadir tarixi şəxsiyyətdir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya  azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

Müstəqillik hər bir xalq üçün müqəddəs anlayışdır. Çünki dövlət müstəqilliyi həmin xalqın dilini, dinini yaşatması, azadlığı, firavanlığı, inkişafı, beynəlxalq aləmdə özünəlayiq yer tutaraq dünya sivilizasiyasına yeni töhfələr verməsi üçün vacibdir. Ona görə də xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparmış, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi nəticəsində bu arzusuna qovuşa bilmişdir.

Təəssüf ki, Azərbaycanın müstəqillik tarixinin 1991-1993-cü illəri siyasi qarşıdurmalarla, xaosla, tənəzzüllə yadda qaldı. Qeyri-demokratik yolla hakimiyyət uğrunda mübarizəyə qoşulan AXC-Müsavat cütlüyü Ayaz Mütəllibovu istefa verməyə məcbur etdi. Bundan sonra hakimiyyətə gələn cütlük ölkəni daha da bərbad hala saldı. Dövlət idarəçiliyindən xəbərsiz olan naşı, səriştəsiz, bacarıqsız insanların hakimiyyətdə olduğunu görən düşmən xarici qüvvələr Azərbaycanın parçalanması, dağılması, yox olması istiqamətində fəal iş apardılar. Nəticədə ölkədə vətəndaş qarşıdurması başlanmışdı.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdu. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.

Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı.

Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atıldı. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olundu.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi mühüm məqamlarla yadda qaldı.

Professor Mahirə Hüseynova ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekan v.i.e

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search