Previous Next

ADPU-nun Quba filialında şəhid Nuran Mirzəyevin xatirəsi anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi Mirzəyev Nuran Akif oğlunun əziz xatirəsinə həsr edilmiş “Azərbaycanın taleyini dəyişən qəhrəman oğullar” adlı tədbir keçirilib. Tədbir şəhidin adına olan auditoriyada onun valideynləri və ailə üzvlərinin iştirakı ilə keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra filialda şəhid Nuran Mirzəyevin adına xarici dil auditoriyasının açılışını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, qazilərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu məsələ filialda da daim diqqət mərkəzində saxlanılır. Filialda şəhidlərin adına auditoriyaların açılması, şəhid ailələrinin üzvlərinin, qazilərin işlə təmin edilməsi, şəhid ailələrinə, Şəhidlər Xiyabanına müntəzəm ziyarətlərin təşkil edilməsi, tədbirlərin keçirilməsi buna misaldır.
Direktor vurğulayıb ki, şəhid Nuran Mirzəyev adına auditoriyada təhsil alacaq tələbələrin oxumamaq, məsuliyyətsizlik etmək haqqı yoxdur. Bu auditoriyanın açılması filialda şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan dərin hörmət və məhəbbətin təzahürüdür. Daha sonra direktor bildirib ki, şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev qəhrəman və məğrur ata kimi hamımıza nümunədir. Onun davranışı bütünlükdə gənc nəslə bir örnəkdir. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan şəhid Nuran Mirzəyev kimi oğulların çiyinlərində yüksəlir.
Daha sonra şəhidin atası Akif Mirzəyev vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, qəhrəman, cəsur, vətənin dar günündə onun müdafiəsinə qalxan oğul böyütdüyü üçün filial Elmi Şurasının qərarı ilə Fəxri fərmanla təltif olunub.
Tədbirdə çıxış edən tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı da şəhidin valideynlərini salamlayıb, onların mətanətli davranışları qarşısında baş əydiyini diqqətə çatdırıb, filial rəhbərliyinin belə tədbirlərlə gənc nəslin təlim-tərbiyəsi sahəsində önəmli fəaliyyətini təqdir etdiyini vurğulayıb.
Çıxış edənlərdən Əməkdar mədəniyyət işçisi Elza Orucova, Dövlət Radiotezliklər İdarəsinin Quba Regional Bölməsinin müdiri Tofiq Kiçibəyov, şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, filialın əməkdaşları Rahib Sədullayev, Pərvanə Rzayeva, Mələk Bağırova, Mahirə Malıyeva, p.f.d. Aysel Şeydayeva, Samirə Hacıyeva, Nubar Bayramova, Fatimə Allahverdiyeva, “xarici dil müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Leyla Qəribova qeyd ediblər ki, nilli-mənəvi birliyimiz, vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır.
Tədbirdə çıxış edən şəhidin valideynləri Akif Mirzəyev və Təranə Mirzəyeva filialın direktoru dos. Yusif Alıyevə və kollektivə təşəkkürkərini bildiriblər. Akif Mirzəyev qeyd edib ki, övladının xatirəsinə verilən bu dəyər onu qürurlandırır. Şəhid anası Təranə Mirzəyeva da övladının xatirəsini yad etmək üçün atılan addımları, tədbirləri yüksək dəyərləndirib, Nuranın şəhid olduğu günü yada salaraq, övladının uşaqkən də necə qəhrəman olduğunu, son sözlərinin “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim...” olduğunu qeyd edib. Akif Mirzəyev oğlunun Mir Mehdi Seyidzadənin şeirinin sözlərinə bəstələnmiş musiqini sevdiyini, onu dinlədiyini və indi də haradasa yasəmən çiçəyi gördükdə necə kövrəldiyini deyib:
Yasəmənlər açanda,
Bülbül bağda uçanda,
Oxuyanda nəğməni -
Xatırlayarsan məni!
Qeyd edək ki, Nuran Akif oğlu Mirzəyev 1999-cu il 27 iyul tarixində Quba rayonunun Dağlı kəndində anadan olub. 2005-2014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək rabitə, elektrik montyoru, sürücü ixtisaslarına yiyələnib. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Nuran Mirzəyev 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yollanıb. 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
21 oktyabr 2020-ci ildə Quba rayonunun Qımıl kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nuran Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
ADPU-nun Quba filialında15 sentyabr 2022-ci il tarixində filialın direktoru dosent Y.Alıyevin təşəbbüsü ilə şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası yaradılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search