Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov ADPU-nun tələbəsi adını qazanan Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Həsənovla görüşüb. Görüşdə universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, ümumi işləri üzrə prorektoru Tural Cəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov, həmçinin Gəncə Şəhər Uşaq Evinin direktoru Nazilə İsmayılova iştirak edib.
Rektor prof. Cəfər Cəfərov Həsəni təbrik edərək, ona təhsil həyatında uğurlar arzulayıb, ADPU kollektivi və rəhbərliyinin hər bir tələbəyə olduğu kimi, ona da daim dəstək göstərəcəyini qeyd edib. C.Cəfərov son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan uğurlu sosial siyasət nəticəsində xüsusi qayğıya ehtiyacı olan hər bir uşaq və gənc dövlətin qayğısı ilə əhatə olunub.
Gəncə Şəhər Uşaq Evinin direktoru Nazilə İsmayılova dövlətin xüsusi qayğısı nəticəsində Həsən kimi gənclərin öz potensiallarını reallaşdırdıqlarını qeyd edib.
Öz təəssüratlarını bölüşən Həsən də öz növbəsində peşəkar mütəxəssis kimi yetişmək üçün əzmlə çalışacağını vurğulayıb.
Qeyd edək ki, Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Mikayıl oğlu Həsənov 420 balla ADPU-nun “Sosial iş” ixtisasına qəbul olunub.