Oktyabrın 2-dən 6-dək Türkiyənin Bartın Universitetinin müəllimi Deniz Ayşegül Söğüt Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ERASMUS+KA1 proqramı çərçivəsində mobillikdə iştirak edib. Səfərin məqsədi ADPU-nun rəhbərliyi və müəllim heyəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparmaq, təqdimatlar keçirmək, bilik və təcrübə mübadiləsi aparmaq olub.
Səfər çərçivəsində oktyabrın 2-i D.A.Söğüt ADPU-nun prorektoru prof. Mahirə Hüseynova ilə görüşüb və Beynəlxalq əlaqələr şöbəsi ilə tanış olub. Həmçinin Türk dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alan tələbələr ilə görüşüb.
Oktyabrın 3-də D.A.Söğüt Məktəbəqədər təhsil fakültəsinin müəllimləri ilə, növbəti gün isə həmin fakültənin tələbələri ilə görüşərək öz biliklərini bölüşmüş, eyni zamanda ADPU-nun rektoru prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova ilə görüşərək universitetdə gördüyü işlər barədə rəhbərliyi məlumatlandırıb.
Oktyabrın 5-də isə qonaq müəllim Məktəbəqədər təhsil fakültəsində dərslərdə iştirak etmişdir.
Qeyd edək ki, bu səfər ADPU-nun Bartın Universiteti ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildən bəri ilk akademik heyət mübadiləsidir.