Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən 10-cu yubiley Zirvə görüşü ilə bağlı əminliklə demək olar ki, TDT yaxın illərdə təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcəkdir. Hesablamalara əsasən, hazırda Türk dövlətlərinin ümumi daxili məhsulu 1,2-1,4 trilyon dollar həcmində qiymətləndirilir.
Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı Türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlməsi, Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınması bunun bariz nümunəsidir.
Astanada keçirilən TDT-nin “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək bu təşkilata üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, təşkilatın artıq beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik qurum kimi tanındığını diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra respublikamızın TDT-nin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu və bunun əsas hissəsinin Türkiyəyə yönəldildiyini də qeyd edib.
Prezident İlham Əliyev geniş coğrafiyaya, zəngin təbii sərvətlərə, o cümlədən enerji ehtiyatlarına, bəzi ölkələrin, hətta güclü hərbi imkanlara malik olmalarının yaxın gələcəkdə TDT-yə üzv dövlətlər arasında siyasi-iqtisadi əməkdaşlığın daha da möhkəmlənəcəyi əminliyi yaratdığını bildirib.
Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. TDT də mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alovlanır. 30 ilə yaxın müddətdə Azərbaycan məhz Qarabağ müstəvisində ədalətsizliklər və haqsızlıqlarla üzləşib, separatçılığı müdafiə məqsədli ikili standartlardan əziyyət çəkib. Buna görə də, dövlətimizin özünün ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə atdığı addımlar, bütövlükdə, Türk dünyasının beynəlxalq ədalət çağırışı və müqavimətidir.
Azərbaycan lideri Astanadakı çıxışında: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi”. Elə məhz buna görə də, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan özünün konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi.
Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq işləri reallaşdırmaqdadır. Prosesdə Türk dövlətlərinin də yaxından iştirakı TDT-nin 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş birlik və vəhdət amalının möhkəmliyindən, sarsılmazlığından xəbər verməkdədir. Qarabağa qayıdış, bütövlükdə, Türk dünyasının özünə qayıdışının rəmzi anlamıdır. Türk Dövlətləri Təşkilatı gerçəkləşdirdiyi tədbirlərlə, gördüyü əməli işlərlə bu anlamı daha geniş platforma və müstəvilərə daşımaqdadır. Bu gün Azərbaycanın və Türkiyənin öncüllüyü ilə qurum qlobal söz sahibinə çevrilir. Qətiyyətlə deyə bilərik ki, Qarabağa qayıdışı türkün özünəqayıdış təntənəsi edən ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə Naxçıvandan başlanmış yolu daha parlaq uğurlarla zənginləşdirəcəkdir.
Dosent Arzu Daşdəmirov,
ADPU-nun Fizikanın fakültəsinin dekanı, Əməkdar müəllim