Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Kimya və biologiya fakültəsinin elmi seminarı keçirilib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, İbtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova, Məktəbəqədər təhsil fakültəsinin dekanı, professor Nailə Hüseynovanın və Kimya və biologiya fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi seminarda Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının nümayəndə heyəti qonaq qismində iştirak edib. Elmi seminar Ulu Öndərin elmə qayğısı, eləcə də BDU-nun Ekoloji kimya kafedrasının fəaliyyəti ilə tanışlıq və təcrübə mübadiləsinə həsr olunub.
Seminardan öncə, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki abidəsi ziyarət olunub.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan seminarda açılış sözü ilə çıxış edən fakültə dekanı, dos. R.Ağayeva qonaqları təqdim edərək, BDU-nun Ekoloji coğrafiya kafedrasının 10-dan çox nümayəndəsinin seminarda iştirak etdiyini diqqətə çatdırıb.
Çıxış edən prof. Sevinc Hacıyeva, əvvəlcə, Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, daha sonra isə BDU-nun Ekoloji kimya kafedrasının elmi-tədqiqat fəaliyyəti ilə bağlı məruzə edib. Məruzədə qeyd olunub ki, kafedranın təməli 2001-ci ildə mərhum akademik, görkəmli alim Rəfiqə Əliyeva tərəfindən yeni bir elmi istiqamət kimi əsası qoyulan Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasına dayanır. Bildirilib ki, hazırda kafedra əməkdaşları, əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin vəziyyətinin ekoloji-kimyəvi tədqiqi üzərində çalışırlar. Diqqətə çatdırılıb ki, kafedrada ekoloji kimya üzrə elmlər doktorluğu proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
Daha sonra BDU əməkdaşlarından prof. Nərminə Sadıqova, k.e.d., prof. Qiyas Bayramov, k.f.d., dos. Fətəli Hüseynov, dos. Təranə Əliyeva, k/t.f.d. Qismət Xanbabayev, dos.Qoşqar Məmmədov, dos. Tahir İbrahimov və digərləri mövzu ətrafında çıxış edərək, ADPU və BDU-nun müvafiq kafedra və fakültələri arasında elmi-pedaqoji əlaqələrin perspektivlərini qeyd ediblər. Prof. Sevinc Hacıyeva ADPU-nun Kimya və biologiya fakültəsinin nümayəndələrini BDU-ya dəvət edib.
Sonda nümayəndə heyəti tərəfindən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə kafedra əməkdaşlarının ərsəyə gətirdiyi elmi əsərlərdən ibarət kitablar hədiyyə edilib, eyni zamanda Kimya və biologiya fakültəsi tərəfindən BDU-nun Ekoloji kimya kafedrasına ADPU-nun 100 illiyi ilə əlaqədar yubiley nəşrləri hədiyyə olunub və qonaqlar universitetin Kitabxana-İnformasiya Mərkəzində yaradılan şəraitlə tanış ediliblər.