Previous Next

Ölkə başçısının Serbiyaya səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verəcəkdir

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Artıq enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Enerji faktoru həm siyasi, həm də beynəlxalq layihələr baxımından ölkəmizin də siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Bütün bunların nəticəsi kimi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır.  

Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil siyasətini uğurla həyata keçirmiş, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırmışdır.

Cari ilin dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Serbiyada işgüzar səfərdə olmuşdur. Dövlət başçısı Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak etmiş, Bolqarıstan Prezidenti Rumen Radev və Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüş keçirmişdir.

Ölkə başçısı cənab İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı ölkəmizin Avropanın qaz təchizatına verdiyi töhfə baxımından önəmini qeyd edərək bildirmişdir: “Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir”.

Qeyd edək ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması Macarıstan, Slovakiya, Rumıniya və Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər ki, bununla da 2027-ci ilədək Avropadakı istehlakçıların əvvəlki dövrlə müqayisədə Azərbaycandan iki dəfə çox qaz almasına şərait yaradacaq. Bu da Azərbaycanda yeni qaz yataqlarının işə salınmasını gündəmə gətirir.

Açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev gələcək planlarımızın qaz təchizatının coğrafiyasını daha da genişləndirmək olduğunu vurğulayaraq qeyd etmişdir: “Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır”.

Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Dövlət başçısı çıxışı zamanı Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verdiyini diqqətə çatdırmışdır: “Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük”.

Ümumiyyətlə, Azərbaycanla Serbiya və Bolqarıstan arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadə etməyə imkan yaradacaqdır. Ümumilikdə, Ölkə başçısının Serbiyaya səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verəcəkdir.

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search