Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə filialda “Heydər Əliyev İli” çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib.
Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub. Sonra filalda “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda sərgiyə baxış keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan plenar iclasda filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək vurğulayıb ki, Ulu Öndərin vəsiyyəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən yerinə yetirilib. Zəngin tarixə və mədəniyyətə malik olan Şuşa yenidən azad nəfəs alır. Bildirilib ki, Şuşa Azərbaycanın, bəlkə də, yeganə diyarıdır ki, xalqımız və ölkəmiz üçün bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib. Məhz bu baxımdan təsadüfi deyildir ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu münasibətlə təsdiq olunmuş tədbirlər planına əsasən dünya azərbaycanlıları tərəfindən müxtəlif tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də bugün filialda keçirilən Respublika elmi konfransıdır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında qeyd edib ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur!”.
Prof. Asəf Zamanov bu gün Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınan Şuşamıza həsr olunan tədbirlər arasında Şamaxı filialında keçirilən Respublika elmi konfransının xüsusi yer tutacağına əminliyini ifadə edib.
Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə, o cümlədən Qarabağın incisi Şuşa şəhərində intensiv quruculuq işləri aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.
ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının Türk odası və Türk araşdırmaları elmi-tədqiqat Mərkəzinin rəhbəri, professor Elman Quliyev “Çağdaş türk poeziyasında şuşanamələr milli-tarixi dəyərlər kontekstində” mövzusunda çıxış edərək Şuşanın vəsf olunduğu poeziya nümunələrini iştirakçıların diqqətinə çatdırıb.
Sonda filialın tələbəsi Aydan İbadovanın ifasında Baba Vəziroğlunun “Azərbaycan” şeiri səsləndirilib və “Mədəniyyət paytaxtı Şuşa” adlı videoçarx nümayiş olunub.
Plenar iclasdan sonra konfrans işini - “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk düyasının mədəniyyət paytaxtı Şuşa”, “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” bölmələrində davam etdirib.
Əyani və onlayn qaydada 200-ə yaxın məruzənin dinlənildiyi konfransda bir çox nüfuzlu təhsil müəssisəslərindən alim və tədqiqatçılar iştirak ediblər.
Bölmə iclaslarından sonra konfransın yekun iclası keçirilib. Bölmə sədrlərinin hesabatlarından sonra konfransın təşkilində fəal iştirakına görə fərqlənən filial əməkdaşlarına sertifikatlar təqdim olunub.