Dekabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-tədqiqat mərkəzinin (ADPU ETM) əməkdaşlarının “Heydər Əliyev İli” çərçivəsində hazırladıqları “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişafının bəzi məsələləri” adlı məqalələr toplusunun təqdimat mərasimi keçirilib. Kitab Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə həsr olunub. Məqalələrdə Ulu Öndərin Azərbaycanın iqtisadi-siyasi və mədəni-humanitar həyatında çoxşaxəli fəaliyyətinin bəzi mühüm aspektləri tədqiq edilir. Kitabın ön söz müəllifi ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, elmi redaktoru isə Universitetin Elmi-tədqiqat mərkəzinin müdiri, dosent Ərəstun Mehdiyevdir. Toplu ADPU Elmi Şurasının 18 iyul 2023-cü il tarixli 8 saylı qərarı ilə nəşr edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, prof. Cəfər Cəfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın çoxəsrlik tarixində yetişdirdiyi görkəmli siyasi və dövlət xadimlərindən, nadir şəxsiyyətlərdən biri kimi bu sırada öz layiqli yerini tutur. Onun ibrətamiz həyat yolu, xalqımız qarşısındakı əvəzsiz xidmətləri, zəngin siyasi və dövlət idarəçiliyi irsi tədqiqatçılar üçün sonu bitməyən aktual mövzular verir. Heydər Əliyevin fəaliyyətini həmişə səmərəli işgüzarlıq, böyük əzmkarlıq, yüksək peşəkarlıq, məqsədyönlülük, doğma xalqına sevgi və sədaqətlə xidmət kimi ali və nəcib keyfiyyətlər səciyyələndirmişdir. Bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin ideyaları yaşayır, arzuları gerçəkləşir. Ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunu əzmlə davam etdirir.
Sonra ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, prof. Asəf Zamanov, Elmi-təşkilati şöbənin müdiri, prof. İbrahim Bayramov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, prof. Fərrux Rüstəmov, ETM-in müdiri, dos. Ərəstun Mehdiyev, Azərbaycan tarixi kafedrasının müdiri, dos. Naibə Əhmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmiş, təqdim olunan kitabı Ulu Öndərin 100 illik yubileyinə töhfə kimi qiymətləndirmişlər.