Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyət Təminatı və Monitorinq Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təlim-Tədris Mərkəzi ilə birgə “Müasir təlim metodları” mövzusunda seminar keçirib.
Seminarın məqsədi fəal-interaktiv təlim metodlarının akademik heyət tərəfindən mənimlənilməsinə şərait yaratmaq, keyfiyyətli təlim-tədris prosesinin təşkili işinə dəstək göstərməkdir.
Seminarı AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov açaraq güclü rəqabət mühitində bazar iqtisadiyyatının tələblərinə uyğun savadlı, bacarıqlı kadrların yetişdirilməsində müəllimlərin məsuliyyətli və vacib rolundan danışıb.
Seminarda ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d. Xalidə Həmidova və baş müəllim Rumiyyə Camalova məruzə ilə çıxış ediblər. Yeni tədris metodları, onların müxtəlif ixtisasların mühazirə və məşğələ dərslərində tətbiq olunması istiqamətləri barədə çıxışlarda geniş məlumat verilib.
Seminarda müzakirə olunan mövzular ətrafında çıxışlar dinlənilib, elmi-pedaqoji fikir mübadiləsi aparılıb.