Martın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə “Qərbi Azərbaycan – yurd yerimiz” mövzusunda konfrans keçirilib, eyni zamanda Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub.
Tədbirdə ADPU-nun rəhbərliyi ilə yanaşı Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, Qərbi Azərbaycan İcmasının üzvləri və ziyalılar iştirak edib.
Əvvəlcə, qonaqlar Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzdə olaraq onların fəaliyyəti, elmi araşdırmaları ilə yaxından tanış olubar.
Konfransda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, konfransın və yeni mərkəzlərin yaradılmasının təşəbbüskarı olan professor Mahirə Hüseynova Pedaqoji Universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulamış, Qərbi Azərbaycanın vətənimizin ayrılmaz hissəsi olduğunu dilə gətirmişdir. O, eyni zamanda, türk dünyası ilə qarşılıqlı əlaqələrimizin Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edildiyini, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu münasibətlərin gündən-günə daha da genişləndiyi diqqətə çatdırıb.
Çıxış edən ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, prof. İbrahim Bayramov Qərbi Azərbaycanın ölkəmizin tarixi torpaqları olduğunu söyləyərək bunu 3 faktla əsaslandırmışdır: etnik tərkib, toponimlər, tarixi abidələr. Professor bu faktları sübut edən əsaslı dəlillər səsləndirmiş, bu sahədə apardığı elmi-tədqiqat nəticələrini qeyd edib.
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, prof. Fərrux Rüstəmov isə Qərbi Azərbaycanın təhsil və dövlətçilik tarixinin araşdırılmasının önəmini qeyd edərək, İrəvan Kişi Gimnaziyasının ən görkəmli məzunlarının məhz azərbaycanlı olan Əziz Əliyev, Mustafa Topçubaşov və Əhməd Rəcəbli olduğunu vurğulayıb, yaradılan mərkəzin elm aləminə uğurlu tövhələr verəcəyinə əminliyini ifadə edib.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan adının dövlət səviyyəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən dilə gətirildiyini diqqətə çatdırıb. O, 2022-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycan İcmasının yaradıldığını xatırladaraq, 1 il ərzində Qərbi Azərbaycan İcmasının öz fəaliyyətini xeyli genişləndirdiyini vurğulayıb. ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasındakı xidmətlərinə görə prof. Mahirə Hüseynovaya təşəkkürünü bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərov türkologiya və türkçülüyün qarşılıqlı əlaqəsindən bəhs edərək bu bağlılığın 3 dövrə bölündüyünü söyləyib, təsəvvürlər dövrü barədə tədbir iştirakçılarına məlumat verib.
Natiq, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində açıq kontekstdə söylədiyi türk dövlətləri ilə ölkəmizin qarşılıqlı əlaqələrinin bundan sonra daha da genişlənəcəyi fikrini xatırladaraq Pedaqoji Universitetdə Türkoloji Mərkəzin yaradılmasının bu baxımdan da alqışalayiq addım olduğunu söyləyib.
Çıxış edən Milli Məclisin deputatı Sadiq Quliyev mənfur düşmənlərimizin tarixən türkləri parçalamaq, türk dövlətlərinin birləşməyinin qarşısını almaq fikrində olduqlarını söyləyərək, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin onların bu planlarını sarsıtdığını qeyd edib.
Çıxış edənlərdən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasının dövlətçiliyimiz üçün əhəmiyyətli addım olduğunu vurğulamış, ADPU-nun 100 ildən artıq tarixə malik müəllim yetişdirən məbəd olduğunu qeyd edərək tələbələrin gələcəkdə pedaqoji kadr olaraq Qərbi Azərbaycan həqiqətlərini şagirdlərə çatdıracağını dilə gətirmişdir.
Milli Məclisin deputatı Musa Urud isə Qərbi Azərbaycan İcmasının fəaliyyətə başladığı dövrdən etibarən qarşıya qoyulan əsas məqsədlərə nail olunduğunu, bu qurumun fəaliyyəti nəticəsində qərbi azərbaycanlılar barədə beynəlxalq təşkilatlarda çıxışlar səsləndirildiyini, xaricdə məqalələrin çap etdirildiyini söyləyib. O, bu gün Pedaqoji Universitetdə belə bir mərkəzin yaradılmasının artıq bu haqda elmi araşdırmaların sistemli şəkildə aparılacağına təkan verəcəyini qeyd edib.
Çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhməd isə indiki Ermənistan ərazisinin tarixən azərbaycanlılara məxsus olduğunu qeyd etmiş, bu fikirlərini faktlarla əsaslandırmışdır.