Previous Next

Xocalı soyqırımının anım mərasiminin Xocalı şəhərində keçirilməsi ədalətin böyük təntənəsi oldu

Azərbaycan xalqı zaman-zaman çox faciələr yaşamışdır. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdən biridir. 32 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər.

Bu dəhşətli gecədə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamda 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir. 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin dövrdən başlayaraq, Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, həmçinin Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.

Bu il ilk dəfə Xocalı soyqırımının anım mərasiminin Xocalı şəhərində keçirilməsi ədalətin böyük təntənəsi oldu. Fevralın 26-da Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Görüş zamanı Ölkə başçısı qeyd etmişdir: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”.

Rayon ictimaiyyəti ilə keçirdiyi görüş zamanı dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Həqiqətən də Azərbaycan xalqı bu qanlı cinayəti heç vaxt unuda bilməz. Baxmayaraq ki, Ermənistan dövləti, həmçinin, o vaxt da və indi də onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əllərindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın bütün bu səylər heç bir nəticə vermədi.

2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsinin gedişində təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını döyüş meydanında düşməndən aldı, Vətən torpaqlarını işğaldan azad etdi. Ötən il isə, aparılan uğurlu antiterror əməliyyatı zamanı ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, qədim Azərbaycan şəhəri olan Xocalıda da müqəddəs bayrağımızı qaldırdı.

Bu gün əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir və bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçıları üçün də qaçınılmazdır. 

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search