Previous Next

Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib. Paralel olaraq ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış Qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Bu, daha qüdrətli Azərbaycan deməkdir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir.

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının  VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Ölkə başçısı cənab İlham Əliyev qurultayda çıxışı zamanı qeyd etmişdir: “Davamlı islahatlar – Yeni Azərbaycan partiyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır”.

Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən  vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verdi. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranırdı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna önəm daşıyıb.

Bununla yanaşı qurultay zamanı dövlət başçısı qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Eyni zamanda, VII qurultayda qəbul edilən qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub.

YAP-ın VII Qurultayında qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub.

Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır.

Şübhə yoxdur ki, qalib xalqın partiyası olan YAP bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcəkdir.

Riyad Rüstəmli - ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search