Tariximizin bütün dövrlərində Azərbaycan qadınlarının həyatı və fəaliyyəti yeni nəsillər üçün nümunəyə çevrilib. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Başlanğıcı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan gender bərabərliyi siyasəti müsbət nəticəsini verdi. Artıq o illərdən başlayaraq qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər və ölkə həyatının müxtəlif sferalarında təmsil olunmağa başlayıblar. Məhz bu istiqamətdə də Ümummilli Liderin siyasətini layiqli səviyyədə davam etdirən ölkə başçısı cənab İlham Əliyev qadınların ölkə həyatındakı roluna böyük önəm verib. Ölkə başçısı hakimiyyətinin ilk illərindən etibarən qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşıb.
Azərbaycan qadınlarına xas xoşməramlı ənənələr bu gün də davam edir. Ləyaqətli, yüksək humanizmi və nəcibliyi ilə əsl Azərbaycan qadını imicini layiqincə qoruyan və yüksəklərə qaldıran ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyeva hər zaman öz dəst-xəti, öz yolu ilə seçilib. Onun bir qadın kimi formalaşdırdığı nəciblik və humanizm ənənələri nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiramla qarşılanır. Onun fəaliyyət dairəsi hər zaman çoxşaxəli olub və ölkə həyatının bütün sahələrinə nüfuz edib. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği və onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna uğurla rəhbərlik edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Qadınlarımızın aktiv fəaliyyəti, həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Beləliklə, Azərbaycan qadınının ictimai-siyasi fəallığı hər ötən dövr daha da artır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
Professor Mahirə Hüseynova,
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru