Azərbaycan Dövlət Pedaqoji Universiteti Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təşəbbüsü ilə Universitetin Məktəbəqədər təhsil fakültəsində psixoloq Günel Muradova ilə görüş təşkil olunub.
Tədbirdə fakültə dekanı, dosent Nailə Hüseynova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və Psixologiya klubunun fəalları iştirak edib. Dekan Nailə Hüseynova çıxış edərək tələbələr üçün bu tip görüşlərin vacibliyini qeyd edib və növbəti günlərdə də fakültədə forum və müxtəlif görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.
Daha sonra psixoloq Günel Muradova posttravmatik stress pozuntusu, onun əlamətləri və müalicə planı, koqnitiv işlənmə və yazılı ekspozisiya terapiyası barədə tələbələrə məlumat vermiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Ekspert, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə ölkəmizdə tətbiq olunan yeniliklərdən danışmışdır.
Sonda "For Azerbaijan" Beynəlxalq Təşkilatının "Paşa Sığorta"nın maliyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması (APRİA)" layihəsi çərçivəsində “PTSP hallarında yazılı ekspozisiya terapiyası” kitabı tələbələrə hədiyyə edilib.
Qeyd edək ki, Günel Muradova bakalavr təhsilini ADPU-nun Kimya və biologiya fakültəsində, magistr təhsilini isə Birləşmiş Krallığın Liverpul Universitetində psixi sağlamlıq psixologiyası ixtisası üzrə alıb. Həmçinin, Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü, Ümumdünya Səhiyyə Təşkilatının layihələrində ekspert psixi sağlamlıq və psixososial dəstək üzrə beynəlxalq dərəcəli təlimçidir. Koqnitiv İşlənmə Terapiyası və Yazılı Ekspozisiya Terapiyası üzrə lisenziyalı psixoterapevtdir. Fəaliyyəti ərzində Kolumbiya Universiteti, Ankara İldırım Bəyazid Xəstəxanası, Kraliça Marqaret Universiteti, Harvard Universitetində təlimlərdə iştirak edib. Hazırda Azərbaycan Kapoeyra Federasiyasının prezidenti və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin klinik psixoloqudur.