Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Xarici dillər mərkəzinin müəllimi Gülhəyat Abdullayeva, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova, Tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimi Leyla Əliyeva və Fəlsəfə və sosial elmlər kafedrasının müəllimi Lalə Quliyeva Erasmus+ mübadilə proqramı çərçivəsində 08-12 aprel tarixlərində Danimarkanın Kopenhagen Universitet Kollecində (UCC) təşkil olunan beynəlxalq həftədə iştirak ediblər.
“Potensialları və çətinlikləri tarazlayan - Rəqəmsal Həyat” mövzusuna həsr olunmuş beynəlxalq həftədə müxtəlif ölkələrdən 100-dən çox akademik heyət üzvü iştirak edib. “Rəqəmsal bacarığı təhsilə necə inteqrasiya etmək olar?”, “Texnologiya ilə bütünləşmiş müasir dünyada təhsildə rəqəmsal savadlılığı və bacarıqları necə inkişaf etdiririk”, “Rəqəmsal alətlər və bacarıqlar”, “Məktəblərdə rəqəmsallaşdırma”, “Beynəlxalq əməkdaşlığın və biliyin texnologiyalar vasitəsilə gücləndirilməsi”, “Virtual əməkdaşlığın və tələbə mübadiləsinin asanlaşdırılması” və s. mövzularda təqdim edilən mühazirə, qrup işləri və müzakirələr (debatlar) böyük maraqla qarşılanıb.
Beynəlxalq həftə çərçivəsində Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Gülnar Ələkbərova və xarici dillər mərkəzinin müəllimi Gülhəyat Abdullayeva “Beynəlxalq əməkdaşlığın və biliyin texnologiyalar vasitəsilə gücləndirilməsi” və “Virtual əməkdaşlığın və tələbə mübadiləsinin asanlaşdırılması” mövzularında keçirilən təlimlərdə iştirak etmiş, müxtəlif ölkələrdən olan universitetlərlə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimi Leyla Əliyeva və Fəlsəfə və sosial elmlər kafedrasının müəllimi Lalə Quliyeva coğrafiya fənni üzrə dərs müşahidələri aparmış, dərsin quruluşu, istifadə olunan tapşırıqlar, tələbələrin hazırladıqları əyani vəsaitlərlə tanış olmuşlar. Ditte Marie Pagaard ilə “Dayanıqlı inkişaf və urbanizasiya” mövzusunda çöl təcrübəsində iştirak edən müəllimlər, həmçinin Peter Mikael Hansenin “Tektonik tavaların hərəkətliyiyi” mövzusunda dərsində iştirak ediblər. “Dayanıqlı inkişaf və urbanizasiya”, “Coğrafiyaya kurrikulumun tətbiqi”, “Coğrafiya dərslərində çöl təcrübəsinin təşkili” kimi mövzularda UCC və ADPU coğrafiyaçıları arasında təcrübələrin öyrənilməsi və tətbiq olunması məsələləri müzakirə olunub.
Həmçinin, səfər zamanı ADPU nümayəndələri ilə Erasmus+ mübadilə proqramı çərçivəsində Kopenhagen Universitet Kollecində təhsil alan Pedaqoji Universitet tələbələri arasında görüş keçirilib.