Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər: səbəbləri, həlli yolları. Yaşıl kimya” mövzusunda elmi seminarı keçirilib.
Əvvəlcə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlarla görüşüb. Görüşdə universitetin faydalı əməkdaşlıqlara hər zaman dəstək olduğunu vurğulanıb.
Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları icraçı direktoru Nizami Mürsəlov, şöbə müdirləri Ayaz Məmmədov və Yengibar Əliyev, Kimya və biologiya fakültəsinin elmi-pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Seminar iştirakçılarını salamlayan fakültənin dekan müavini, dosent Bəsti Əsədova bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb və görülən işlərdən söz açıb.
Seminarın spikeri, akad. Vaqif Abbasov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində diqqət mərkəzində olan qlobal ekoloji problemlərdən söz açıb, onların həlli yolları haqqında fikirlərini bölüşüb.
Daha sonra mövzu ətrafında müzakirə aparılıb. Müzakirədə müəllim və tələbələr maraqlı fikirlərlə çıxış etmiş, akad. Vaqif Abbasova faydalı seminar üçün təşəkkür etmişlər.
Sonda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı, dos. Reyhan Ağayeva fakültənin irəli sürdüyü təşəbbüslərə dəstək olduqlarına görə Universsitet rəhbərliyinə və akad. Vafiq Abbasova təşəkkürünü bildirib, gələcək əməkdaşlıqların təhsilin inkişafına yeni töhvələr verəcəyini vurğulayıb.