Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov universitetin Kitbxana-İnformasiya Mərkəzinin təcrübəli əməkdaşları ilə görüşüb.
Görüşdə, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, eləcə də ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin baş biblioqrafları Sürəyya Mustafayeva və Arifə Məhyəddinova iştirak ediblər.
Qocaman kitabxanaçıların təəssüratlarını dinləyən rektor onlara uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təşəkkür edib və 750 min nüsxədən artıq fondu ilə ölkəmizin ikinci ən böyük universitet kitabxanası olan Pedaqoji Universitetin Kitabxan-İnformasiya Mərkəzində əsaslı yenilənmələr aparıldığını, “bp Azərbaycan” şirkətinin dəstəyi ilə elektron kitabxanaın yaradıldığını diqqətə çatdırıb.
Sonra Pedaqoji Universitetdə kitabxana işinin təşkili və idarə olunmasında uzunmüddətli səmərəli xidmətlərinə və 70 illik yubileylərinə görə Sürəyya Mustafayeva və Arifə Məhyəddinova Təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, Sürəyya Mustafayeva 1976-cı ildən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzində çalışır. İşlədiyi müddət ərzində kitabxanaçı, bölmə müdiri və baş biblioqraf vəzifələrində çalışıb. Arifə Məhyəddinova da 1976-cı ildən burada kitabxanaçı, şöbə müdiri və baş biblioqraf vəzifələrində fəaliyyət göstərib. Hər iki əməkdaş işgüzarlıqları ilə kollektivin hörmətini qazanıblar.