Previous Next

ADPU-da universitetlərdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkili ilə bağlı dəyirmi masa keçirilib

Aprelin 30-da “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihə çərçivəsində növbəti maarifləndirici dəyirmi masa Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və tələbələri üçün təşkil edilib. 
Giriş sözü ilə çıxış edən ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müdiri, professor Rafail Əhmədli rəhbərlik etdiyi kafedranın fəaliyyəti, görülmüş və görülən işlər haqqında məlumat verib. O, çıxışında ölkəmizdə sosial sahədə aparılan işlərdən danışıb, həmçinin ictimai birlik tərəfindən icra olunan layihənin aktuallığını və əhəmiyyətini xüsusilə qeyd edib. R.Əhmədli ölkəmizdə bu cür mərkəzlərin təşkilinin və fəaliyyətinin vacibliyini qeyd edərək əlavə edib ki, cəmiyyətimizdə inklüziv peşə hazırlığı sosial baxımdan həssas əhali qrupuna aid edilən əlilliyi olan şəxslər (ƏOŞ) üçün çox faydalı ola bilər. Ona görə də, bu istiqamətdə maarifləndirmə işləri davam etdirilməli və kafedra müəllimləri ilə tələbələri sözügedən sahədə öz dəstəklərini əsirgəməməlidirlər, həmçinin qeyd olunan sahədə müxtəlif layihələr hazırlamağa çalışmalıdırlar.  
Sonra layihənin rəhbəri və MİDİB-nin icraçı direktoru Arif Nəcimov ictimai birliyin fəaliyyəti və icra olunan layihə haqqında məlumat verib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) bəzilərinin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsi, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barəsində iştirakçılara ətraflı məlumat verib. 
A.Nəcimov çıxışında qeyd edib ki, MİDİB-nin rəhbərliyi və layihə işçi qrupu son iki ildə icra etdiyi layihələrin nəticələrinə istinadən sözügedən layihəni hazırlamış və 2023-cü ilin noyabr ayından icrasına başlanılmışdır. 
Layihənin məqsədi, ölkəmizin sosial baxımdan həssas əhali qrupuna aid edilən əlilliyi olan şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasında müəyyən peşələrin tədrisinin ali təhsil müəssisələrində (ATM) inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir. 
Layihənin vəzifələrindən danışan A.Nəcimov qeyd edib ki, ƏOŞ-lərin daha inklüziv fiziki və sosial mühitdə yaşamaları, təhsil almaları və müəyyən peşə öyrənib bir fərdi sosial sahibkar və ya hər hansısa təşkilatda işçi kimi çalışmalarını təmin etmək üçün bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, pedaqoqların, mühəndislərin, iqtisadçıların, uyğun QHT-lərin və sosial sahibkarlıqla məşğul olanların), həmçinin tədqiqatçıların diqqətini sözügedən məsələyə çəkmək əsas vəzifə kimi müəyyən olunub. O, həmçinin layihənin 2024-cü ilin sonuna kimi müxtəlif maarifləndirici tədbirlərlə davam edəcəyini əlavə edib. 
Sonra dəyirmi masa ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və sosial iş ixtisasında təhsil alan tələbələrin çıxışları və müzakirələrlə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search