Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə magistratura səviyyəsində dərs aparan müəllimlər, şöbənin əməkdaşları, müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantlar iştirak ediblər.
Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsi sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirib ki, universitet rəhbərliyinin diqqət və dəstəyi, magistrantların fəallığı sayəsində son illərdə şöbə tərəfindən bir sıra tədbirlər təşkil olunur. Ulu Öndər Heydər Əliyevin anadan olduğu ayda ölkəmizdə, o cümlədən universitetimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər, forum və konfransların, mədəni-kütləvi tədbirlərin keçirildiyi qeyd olunub.
Şöbə müdiri Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyəti, dahiliyi, uzaqgörən siyasəti, xalqımız üçün misilsiz xidmətləri, onun uğurlu siyasətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusilə vurğulayıb.
Daha sonra magistrantlardan Toğrul Nəsibli “Azərbaycan tarixində Heydər Əliyev fenomeni”, Elnazə Cabbarova “Heydər Əliyev və milli-mənəvi dəyərlər, milli dilimiz”, Nəzrin Nəcəfzadə “Ulu Öndərin elm və təhsil konsepsiyası”, Əfsanə Uluxanova “Multikultural yaşam tərzinin fəlsəfəsini yaradan şəxsiyyət”, Ülviyyə Həbibli “İlham Əliyev – Heydər Əliyev siyasətinin uğurlu davamçısı” mövzusunda təqdimatlarla çıxış ediblər, magistrant Səkinə Heydərova isə dahi rəhbərin müdrik kəlamlarını diqqətə çatdırıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxlar, Prezident İlham Əliyevin atasının məzarı üstündə, eləcə də 44 günlük Vətən müharibəsi vaxtı və ondan sonrakı dövrdə səsləndirdiyi tarixi çıxışlarından ibarət videoçarx nümayiş olunub, Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib. Hər iki böyük liderin Azərbaycan dövlətinin daxili və xarici siyasəti ilə bağlı vacib məqamlarda səsləndirdikləri mühüm tarixi fikirlərdə oxşarlıqlar ümumiləşdirilərək təqdim edilib. Bununla yanaşı, hər məruzənin mövzusuna uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin çıxışlarından parçalar nümayiş etdirilib.