Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında 28 May – Müstəqillik Günü münasibəti ilə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Vüsalə Əliyeva, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın dövlət müstəqilliyinin tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb. Qeyd edib ki, Cümhuriyyətin bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal duyğusu güclü olan Azərbaycan xalqı 1991-ci ildə sovet imperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etdi. Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükələrlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu.
“Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda məruzə edən filialın İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Araz Əliyev müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətin daxili və xarici siyasəti, qısa zaman ərzində həyata keçirdiyi mühüm ictimai-siyasi əhəmiyyətli islahatlardan danışaraq, bu respublikanın azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu xüsusilə vurğuladı. O qeyd edib ki, Cümhuriyyət türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Məruzəçi çıxışını Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ilə yekunlaşdırıb.
Məruzədən sonra çıxış edən dosen Mahir Səlimov və dosent Yaqub Səmədov Azərbaycan xalqının dövlətçilik ənənələrindən söz açaraq Ümummilli Lider Heydər Əliyevin yeni tarixi mərhələdə qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikasının indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməsi, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsi, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə böyük nailiyyətlərə imza atmasından fəxarət hissi ilə danışıblar.