Previous Next

ADPU-da MİQ imtahanı verəcək sonuncu tədris ili tələbələri ilə motivasiya görüşü keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədovla Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına hazərlaşan sonuncu tədris ili tələbələrinin motivasiya görüşü keçirilib. Görüşdə sonuncu tədris ilində təhsil alan bakalavriat və magistrantlar iştirak ediblər.
Görüşdə giriş sözü ilə çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov ölkə müəllimlərinin böyük qisminin Pedaqoji Universitet məzunları olduğunu diqqətə çatdırıb və son illərdə ADPU-dan məzun olan gənc müəllimlərin MİQ imtahanlarında yüksək nəticələr göstərdiyini bildirib. 
Prorektor qeyd edib ki, bu formatda görüşlərin keçirilməsində əsas məqsəd gələcəyin müəllimləri ilə təhsil idarəçilərini bir araya gətirərək onlara stimul vermək və peşə hazırlıqlarına dəstək göstərməkdir.
“Gənc müəllimlərin təhsilin inkişafında rolu” mövzusunda təqdimatla çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov gəncliyin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əsas aparıcı qüvvə olduğunu vurğulayıb. Gənc məzunların təhsilin inkişafı prosesində oynadıqları müsbət rola diqqət çəkən spiker qeyd edib ki, onlar cəmiyyətdə və şagirdlər arasında öyrənməni təbliğ edir, inkişaf üçün cəsarət verir, birlik yaradır və ən əsası sosial körpü rolunu oynayır.
Daha sonra görüş tələbələrin suallarının cavablandırılması ilə davam etdirilib. 
Qeyd edək ki, bu qəbildən olan ilk görüşün spikeri Anar Məmmədov 2001-ci ildə Dövlət İdarəçilik Akademiyasından məzun olub. 2002-2010-cu illərdə müxtəlif yerli və beynəlxalq araşdırma şirkətlərində çalışıb, eyni zamanda “Səmərəli ünsiyyət texnikaları”, “Arqumentasiya və inandırma”, “Özünüinkişaf potensialının qiymətləndirilməsi”, “İdarəçilik modellərinin təhsildə tətbiqi” kimi bir sıra təlim modullarının müəllifi olub. 
2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına liseyin, 2014-2017-ci illərdə isə “İstək” liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.
Finlandiya, Sinqapur, ABŞ və digər ölkələrdə təlim səfərlərində olub.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin 1 dekabr 2022-ci il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search