25-28 iyun tarixlərində Bakı şəhərində II Elm, Texnologiya, Mədəniyyət, İncəsənət, İdman və Təhsil Konqresi (BİTEKSEK-2024) keçirilib. Fənlərarası konqres Türkiyənin Qars Qafqaz Universiteti, Dram Təhsilverənləri Dərnəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Təhsil elmləri və təsviri sənətin bütün sahələrini əhatə edən konqres tədqiqatçılar, idarəçilər, müəllimlər, tələbələr, sənət adamları və təhsilə, sənətə bağlı bütün şəxsləri eyni platformada birləşdirərək təhsilin problemlərini elm işığında ortaya qoymaq, texnologiya, mədəniyyət və incəsənətlə bağlı problemləri müzakirə etmək, qiymətləndirmək və inkişaf üçün həllər təqdim etmək məqsədi daşıyır.
Konqres çərçivəsində Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva "Azerbaycan Eğitim Sisteminde Reformlar: Yenilikler ve Dönüşümler" (“Azərbaycan təhsil sistemində islahatlar: innovasiyalar və transformasiyalar”) mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlar və onların gələcək təhsil nailiyyətlərinə təsiri vurğulanıb. Azərbaycanın təhsil sahəsində apardığı struktur dəyişikliklərinin şagird nailiyyətlərinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin daha səmərəli olmasına töhfələrindən ətraflı bəhs edilib. İslahatların təhsil siyasəti, kurikulum dəyişiklikləri, müəllim hazırlığı və texnoloji infrastruktur kimi müxtəlif istiqamətləri hərtərəfli araşdırılıb.
Təqdimatdan sonra Azərbaycan Respublikası, Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının təhsil sistemlərinə dair panel müzakirəsi keçirilib. Panel müxtəlif təhsil sistemlərini müqayisə etmək, yaxşı təcrübələri bölüşmək və ümumi problemlərin həllini müzakirə etmək üçün məhsuldar dialoq mühiti təmin edib.
Paneldə təhsil sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb və iştirakçılara təhsil sistemlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı yeni perspektivlər təqdim olunub.